Torpaq-bitki örtüyünün tədqiqatı barədə məqalə yüksək reytinqli jurnalda dərc edilib Mart 07, 2024 | 03:03 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyevin kiçik elmi işçi Rauf Hüseynovla birgə yazdıqları elmi məqalə Türkiyənin Mersin Universitetinin yüksək reytinqli “Advanced Remote Sensing” jurnalında dərc edilib.

Comparative character and monitoring of some parameters of the soil and vegetation by remote sensing in the zone of Zangilan‟ (Zəngilan rayonu ərazisində məsafədən zondlama vasitəsilə torpaq-bitki örtüyünün bir sıra parametrlərinin müqayisəli səciyyəsi və monitorinqi) adlı məqalədə tədqiqat ərazisində torpaq-bitki örtüyünün bir sıra parametrlərində baş verən dəyişikliklərin  nəticələri müqayisə edilmişdir, monitorinq aparılmışdır. Müəyyən edilmişdir ki, torpaq-bitki örtüyünün bəzi parametrlərində müsbət, bəzi parametrlərində isə mənfi tendensiya özünü göstərir. Dəyişikliklərin aşkarlanması tədqiqat ərazisi daxilində peyk şəkillərindən istifadə edərək (Landsat 5 TM; Landsat 8 OLİ) məsafədən zondlama vasitəsilə müxtəlif parametrlərin (NDVİ, LST, VHİ) müqayisəsi əsasında verilmişdir. Həmçinin ətraf neqativ və antropogen təsirlərə meşə ekosistemlərinin sahəsinin dəyişməsi müxtəlif illər (1990-2022-ci illər) üzrə müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, optimal inkişaf etmiş meşələrin sahəsi 84,5 %  (10,838,05 ha) azalmışdır. 

İşğal müddətində Zəngilan inzibati rayonunda 1990-cı ilə nisbətən 2022-ci ildə çox şiddətli deqradasiyaya uğramış ərazilərin sahəsi 14,55 % (10202,76 ha) artmış, fon səviyyədə deqradasiyaya uğramış ərazilərin sahəsi 14,78 % (10357,91 ha) azalmışdır. Hal-hazırda ekoloji tarazlığın bərpası kontekstində həyata keçiriləcək işlər bu iki sinif arasındakı balans nəzərə alınmaqla aparılmalıdır.