C.ü.f.d. Şamil Əzizovun 70 yaşı tamam olub Mart 15, 2024 | 06:03 / YUBİLEYLƏR

AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geoinformatika və kartoqrafiya şöbəsinin  müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizovun 70 yaşı tamam olub.

Ş.K Əzizov 1954-cü ildə Bakı şəhərində anadan olub. 1972-1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində coğrafiya ixtisası üzrə təhsil alıb. 1976-cı ildən Azərbaycan EA Coğrafiya İnstitutunda “Kartoqrafiya” şöbəsində çalışıb.

1979-1983-cü illərdə Coğrafiya İnstitutunun qiyabi aspiranturasında oxuyub.

1986-cı ildə “Kartoqrafik metodla landşaftın strukturunun tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.1989-cu ildən İnstitutun elmi işçisi, 1992-ci ildən böyük elmi işçi, 2016-cı ilədək aparıcı elmi işçi vəzifəsində çalışıb. Eyni zamanda 2011-ci ildən şöbə müdiri vəzifəsini yerinə yetirib.  2017-ci ildən isə Coğrafiya İnstitutunun “Geoinformatika və kartoqrafiya” şöbəsinə rəhbərlik edir.

Ş.K. Əzizovun tədqiqat işləri əsasən coğrafi kartoqrafiya, tematik-landşaft, torpaq, geobotanika, landşaft strukturu, landşaft-ekoloji, toponimika və s. xəritələrin tərtibinə, generalizasiyasına, həmçinin atlas xəritəçiliyinə həsr olunub. Onun üç müəllif xəritəsi Azərbaycan Milli Atlasında (2014) çap olunub.

Alimin əsas elmi tədqiqatları tematik və atlas xəritəçiliyi, landşaftşünaslıq və toponimika sahələrinin öyrənilməsinə həsr edilib.  O, Azərbaycanda landşaft xəritələrində müfəssəlliyin və dolğunluğun öyrənilməsi, landşaft konturlarının formasının kəmiyyət səciyyəsi, landşaft xəritələrinin kartometrik metodla təhlili sahəsində ixtisaslaşmış mütəxəssisdir.

1979-cu ildə «Azərbaycan SSR atlası», «Azərbaycan SSR təbii şəraiti və təbii ehtiyatları» adlı irihəcmli atlasların tərtibində çapa hazırlanan tematik və tədris xəritələrinin, qlobusların redaktə olunmasında yaxından iştirak edib. Coğrafiya İnstitutunun 70 illiyi ilə əlaqədar olaraq «Coğrafiya İnstitutu - 70» kitabının «Xəritəçiliyin inkişaf mərhələləri və nailiyyətləri» bölməsini hazırlamış, həmçinin «Atlas xəritəçiliyimizin inkişafına bir baxış» adlı geniş məqalə dərc etdirmişdir.

Ş.Əzizov coğrafi kartoqrafiya sahəsində 70-dən çox elmi məqalənin, bir neçə tematik xəritənin müəllifidir. Onun elmi araşdırmaları 2020-ci il monoqrafiyasında və daha vacib elmi nəticələri 2018, 2019  və 2022-ci illərdə nəşr olunan üç kollektiv monoqrafiyada öz əksini tapmışdır.

 

İnstitut  kollektivi və rəhbərlik bu münasibətlə yubilyarı  təbrik edir, ona can cağlığı,  elmi fəaliyyətində nailiyyətlər arzu edir!