Ulu öndər Heydər Əliyevin 101 iliyi və 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun YAP ərazi ilk partiya təşkilatının iclası keçirilib.
Açılış nitqi ilə çıxış edən İnstitutun baş direktoru professor Zakir Eminov milli ordumuzun inkişaf tarixinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu dilə gətirib. O qeyd edib ki, Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlayıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb.
İnstitut rəhbəri bildirib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordunun döyüş qabiliyyəti son illərdə daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri Habil Haqverdiyev, Həmkarlar təşkilatının sədri Kamran Ramazanlı, Xəzər dənizinin sahillərinin və dibinin geomorologiyası şöbəsinin aparıcı elmi işçisi, f/r.e.ü.f.d. Nazim Əhmədov, İnstitutun YAP ərazi ilk partiya təşkilatının sədri Məhbubə Fətullayeva və digərləri çıxış edərək Ümummilli lider Heydər Əliyev və YAP haqqında fikirlərini bölüşüblər.
Tədbirin sonunda YAP sıralarına yeni üzv olmuş İnstitut əməkdaşlarına partiya biletləri təqdim edilib.