AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – icraçı direktor c.ü.f.d., dosent Zaur İmrani, “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d., dosent Elina Kərimova, “Demoqrafiya və əhali coğrafiyası” şöbənin elmi işçisi Bəyimxanım Hüseynova və doktorant Aslan Babaxanov Almaniyanın Yustus Libix adına Gissen Universitetində keçirilən “Management of Geoparks in the southern Caucasus” (Cənubi Qafqazda geoparkların idarə edilməsi) adlı Beynəlxalq seminarda iştirak ediblər.
Bir həftə davam edən seminar Gissen Universitetinin Coğrafiya kafedrası (Almaniya), İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin V.Baqrationi adına Coğrafiya İnstitutu (Gürcüstan), AR ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı və DAAD (Alman Akademik Mübadilə Xidməti) fondunun maliyyə dəstəyi ilə keçirilib.
Tədbirdə Cənubi Qafqazda geoparkların təşkili, planlaşdırılması və perspektivləri, onların fəaliyyətində yarana bilən problemlər və onların həlli yolları, geoparkların Verilənlər Bazasının yaradılması, sahə məlumatlarının toplanılmasında yarana bilən çətinliklər və məhdudiyyətlər müzakirə olunub, Cənubi Qafqazda potensial imkanları geniş olan ərazilərdə geoparkların yaradılması və inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
Z. İmrani “Azərbaycanın təbiət abidələri və Geoparkların yaradılması üçün potensial ərazilər”, B. Hüseynova “Azərbaycanda geoparkların və geoturizmin perspektivləri: inkişaf və idarəetmə”, A. Babaxanov “Geoparkların inventarlaşdırması yolları: Təkmilləşdirilmiş Məlumat İdarəetməsi üçün SmartGIS-in inteqrasiyası” adlı məruzələrlə seminarda çıxış edib.
Tədbirə ev sahibliyi edən Gissen Universiteti iştirakçılar üçün UNESCO-nun bələdçiliyi ilə elmi ekskursiya təşkil edib. Tədbir iştirakçiları eyni zamanda keramika muzeyi, geologiya muzeyi, tuf mədəniyyəti, vulkanik lava günbəzi, lava zirzəmisi, vulkanik göl və s. ilə yaxından tanış olmaq imkanı əldə ediblər.