Coğrafiya İnstitutunda 27 sentyabr Anım günü qeyd edilib Sen 27, 2024 | 05:09 / TƏDBİRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 27 sentyabr Anım günü qeyd edilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

Baş direktor professor Zakir Eminov giriş sözü ilə çıxış edib.  O deyib ki, 27 sentyabr 2020-ci ildən bəri hər il qeyd etdiyimiz Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaq üçün müzəffər ordumuzun düşmən üzərinə yürüdüyü bir gündür. Bu gün ölkəmizdə şəhid olmuş qəhrəman vətən övladlarının Anım günü kimi qeyd edilir. Azərbaycanın suverenliyinin bərpasına gətirib çıxaran 2-ci Qarabaq savaşında  Silahlı Qüvvələrimizin 3000-ə yaxın hərbi qulluqçusu həlak olub, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. Nəticədə qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğal altında olan torpaqlarımız azad edilib. Şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq!

İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxışında 27 sentyabr gününü Azərbaycan tarixində ən önəmli gün olduğunu diqqətə çatdırıb. Bildirib ki, ordumuzun bu qəhrəmanlıq salnaməsi təkcə ölkəmizdə deyil, dünya hərb tarixində də öz əksini tapacaq. Natiq həm də Soydaş İctimai Birliyinin sədri kimi, rəhbəri olduğu qurum tərəfindən ordumuzun qəhrəmanlığı ilə, şəhidlərimizlə bağlı materialların həm soydaşların, həm də xarici ölkələrin ictimaiyyətinə çatdırıldığına diqqəti çəkib.

Aparıcı elmi işçi, Qarabağ müharibəsi iştirakçısı Etibar Bədəlov söz alaraq, həmin günlərlə bağlı xatirələrini dilə gətirib, qəhrəman, vətənpərvər Azərbaycan övladlarının şücaətindən, qorxmazlığından və dönməzliyindən  söhbət açıb.