"Yaşıl dünya” naminə həmrəylik ili" çərçivəsində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda növbəti dəfə olaraq coğrafiyaçı alimlərin orta məktəb şagirdləri ilə görüşü keçirilib.
İnstitutda qonaq olan Kaspi liseyinin 7-ci sinif şagirdləri kiçik elmi işçisi, CİS mütəxəssisi Nazim Gəraylının müşaiyəti ilə AMEA-nın ikinci mərtəbəsində yerləşən sərgidə, İnstitutun kitabxanasında və Geoinformatika və kartoqrafiya şöbəsində olublar. N.Gəraylı məktəblilərə İnstitutda görülən işlər barədə, CİS texnologiyaları, rəqəmsal xəritə və atlasların müasir vasitəsilərlə hazırlanması və çap prosesi haqqında məlumatlar verib.
İnstitutun akt zalında davam edən tədbirdə İnstitutun baş direktoru, professor Zakir Eminov şagirdlərə coğrafiya elminin əhəmiyyətindən, tədqiqat istiqamətlərindən, bu sahənin inkişafında böyük rol oynamış görkəmli alimlərdən, İnstitutun əldə etdiyi nailiyyətlərdən və eləcə də Azərbaycanda keçiriləcək mötəbər COP29 haqqında söhbət açıb. COP haqqında məlumat verən İnstitut rəhbəri ilk dəfə ölkəmizdə keçiriləcək bu tədbirin və onun nəticələrinin Azərbaycan və dünya üçün əhəmiyyətindən danışıb.
Sonra GİS mütəxəssisi Nazim Gəraylı “Coğrafi İnformasiya Sistemlərinin həyatımızda rolu” mövzusunda təqdimatla çıxış edib, CİS-in iqlimin tədqiqində və sinoptik proqnozların verilməsində əhəmiyyəti, GİS texnologiyalarının praktiki tətbiqləri və s. haqqında məlumat verib.
Coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər elmi katib Səidə Zeynalova və Təhsil şöbəsinin müdiri Müseyib Yunusov da çıxış edərək şagirdlərə yaşıl enerji və təbiəti mühafizə haqqında məlumatlar veriblər, onları maraqlandıran sualları cavablandırıblar.