Kür və Araz çaylarının ekoloji vəziyyəti barədə məruzə dinlənilib Noy 15, 2024 | 03:11 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında türkiyəli alim Dr. Fulya Aydın Kandemir  “Kür və Araz çaylarının ekoloji vəziyyətinin qiymətləndirilməsi” (Türkiyə və Azərbaycan əraziləri timsalında) mövzusunda məruzə edib.İclasa sədrlik edən icraçı direktor  c.ü.f.d., dosent Zaur İmrani F. Kandemirin   Kür-Araz çaylarının tədqiqinə həsr olunmuş layihə çərçivəsində türkiyəli alimlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycana gəldiyini və mövzunun əhəmiyyətini nəzərə alaraq onu məruzə etmək üçün elmi seminara dəvət etdiyini diqqətə çatdırıb.Antalya Böyükşəhər Bələdiyyəsinin İqlim Dəyişikliyi və Sıfır Tullantı Departamentində tədqiqatçısı, Su Siyasəti Dərnəyi və Hidrosiyasət Akademiyasının mütəxəssisi olan  məruzəçi ekspedisiya üzvlərinin layihə ilə əlaqədar Gürcüstan və Ermənistanda da tədqiqat işləri apardıqlarını bildirib.

Alimlər bu ölkələrdə adları çəkilən çayların, eləcə də Göyçə gölünün  çirklənməsi  ilə əlaqədar sənədli filmin çəkilişi barədə razılığa gəliblər.Araz, Kür çaylarının hədsiz çirklənməsi və quruması barəsində danışan məruzəçi vaxtında tədbir görülmədiyi halda onları da Aral dənizinin taleyinin gözlədiyini bildirib. Alimin sözlərinə görə bu çayların  aid olduğu ölkələr birlikdə çalışmalı və cəmiyyəti daima geniş surətdə məlumatlandırmalıdırlar. Fulya xanım onu da qeyd edib ki, yararsız kanalizasiya sistemləri və ya onların heç olmaması kimi səbəblər təkcə yerüstü deyil, yeraltı suların da çirklənməsinə gətirib  çıxarır.

Sonda F.Kandemir iclas iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.