Coğrafiyaçı alim bioloji müxtəlifliyin qorunması sahəsində fikirlərini bildirib Noy 25, 2024 | 01:11 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun "Landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin müdiri, c.ü.f.d., dosent Mirnuh İsmayılov “Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi vasitəsilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan üçün “Təbiəti mühafizə planı”nın hazırlanması üzrə İşçi Qrupunun ilk iclasında iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Təbiəti Mühafizə Planı”nın formatı, strukturu və məzmunu, Azərbaycanda biomüxtəlifliyin qorunması üçün prioritet sahələr və ərazi, əsaslı mühafizənin cari vəziyyəti müzakirə edilib.

Coğrafiyaçı alim iclasda “Təbiəti mühafizə planı”nın hazırlanması çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında bioloji müxtəlifliyin qorunması” mövzusunda çıxış edib. O bildirib ki, bioloji müxtəlifliyin qorunması üçün ekoloji şəbəkənin yaradılması zəruridir və bu həm regional, həm də respublika səviyyəsində olmalıdır. Ekoloji koridorlar, mühafizə olunan ərazilər, cəlbedici landşaftlar, təbiət abidələri və s. - ekoloji şəbəkənin elementləridir. Təəssüf ki Azərbaycanda həyata keçirilən bir sıra layihələr ekoloji şəbəkə hazırlanmadan həyata keçirilir. Məsələn, ekoloji şəbəkə xəritəsi olmadan Bakının Böyük Baş Planı hazırlanır. Ona görə də problemlərin yaranması labüddür. Həmçinin Qarabağda, Şərqi Zəngəzurda ərazilərin ekoloji şəbəkə xəritəsi olmadan böyük infrastruktur layihələr həyata keçirilir. Alimin gəldiyi qənaətə görə  ərazi üzrə infrastruktur, məskunlaşma, sənaye, iqtisadi layihələr ancaq ekoloji şəbəkə xəritəsi yaradıldıqdan sonra həyata keçirilə bilər.