Coğrafiyaçi alimlər COP29-da iştirak edib Noy 25, 2024 | 04:11 / MÜHÜM HADİSƏLƏR

              BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasında akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu icraçı direktoru c.ü.f.d., dosent Zaur İmraninin rəhbərliyi altında böyük bir elmi nümayəndə heyətlə ilə iştirak edib.

COP29-un əsas məqsədlərindən biri dayanıqlılığı təşviq etmək, ekoloji təsirləri minimuma endirmək, inkluzivlik və əlçatanlığı tərənnüm etməklə iqlim fəaliyyətində ictimai iştirakı artırmaqdır. Bunu nəzərə alaraq, Coğrafiya İnstitutu Qazaxstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu ilə birgə 16 noyabr 2024-cü ildə “Elm, texnologiya və innovasiya / rəqəmsallaşma günü” tematikası üzrə Mavi Zonada “Xəzərin reallıqları: davamlı inkişaf” mövzusunda tədbir keçirib.

Tədbirdə giriş sözü ilə Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Mansur Oşurbayev (Qazaxstan), UNFCCC (Almaniya) katibliyinin “Uyğunlaşma / İcmal” bölməsinin menecer Dr. Olqa Pilifossova, Coğrafiya və Su Təhlükəsizliyi İnstitutunun sədri, akademiki, c.e.d., professor, Axmetkal Medeu (Qazaxstan), akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani (Azərbaycan) çıxış ediblər. Onlar müasir dünyamızda baş verən iqlim dəyişmələri, havada temperaturun artması, quraqlıq hadisə, su ehtiyatları, ekoloji problemlər və onlardan çıxış yolları və digər məsələlərə aydınlıq gətiriblər.

Tədbirin ikinci hissəsi elmi müzakirələr çərçivəsində keçirilib. Müzakirələrdə AMEA-nın müxbir üzvü, f-r.e.d. Rauf Qardaşov (Azərbaycan) “Xəzər dənizinin səviyyəsinə iqlimin təsiri”, c.e.d., professor Səid Səfərov (Azərbaycan) “Xəzər dənizinin səviyyə rejimi” PhD Janar Naurozbaeva (Qazaxstan) “İqlim dəyişikliyi kontekstində Xəzər dənizinin buzu”, Əli Həqiqi (Finlandiya) “İqlim dəyişikliyinin Xəzər dənizinə təsirinin qiymətləndirilməsi: iki ssenarili modelləşdirmə metodu” adlı mövzularla çıxışlar ediblər. Daha sonra iş adamlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xəzər Ətraf Mühit Konsorsiumun əməkdaşı Yernar Saylıbayev (Qazaxstan) “Caspian Horizons 2027 - Uyğunlaşmaya Baxış”, İonosfer İnstitutunun əməkdaşı Alena Eliseeva (Qazaxstan) “Xəzər dənizinin neftlə çirklənməsinin monitorinqi”, ADA Universitetinin müəllimi Nəzrin Bağırova (Azərbaycan) və Mərkəzi Asiyanın “Qadınlar su diplomatiyasında” şəbəkəsi əməkdaşı Şoxida Tuliyeva (Tacikistan) “İqlim dəyişikliyi qarşısında su hövzələrində və Mavi Sülhdə əməkdaşlıq” adlı mövzularla COP29-a öz tövhələrini verişlər.

Tədbirin sonunda akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu arasında Memorandum imzalanıb və xatirə şəkilləri çəkilib.