Coğrafiya İnstitutunun 2024-cü il üzrə hesabatı dinlənilib Dek 27, 2024 | 05:12 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutun Elmi şurasının iclasında müəssisənin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

Tədbirdə Bakı Dövlət Universitetinin coğrafiyaçı alimləri və Coğrafiya İnstitutunun elmi şura üzvləri, elmi işçiləri və digər əməkdaşları iştirak edib.

Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov iclası açaraq tədbir iştirakçılarını salamladıqdan sonra İnstitutun fəaliyyəti haqqında hesabatı təqdim edib. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar görülmüş işlər barədə məlumat verən İnstitut rəhbəri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının yerinə yetirilməsi üzrə 4 kitab:     “Ağdam inzibati rayonunun coğrafiyası: təbii şərait və sosial-iqtisadi inkişaf potensialı”, “Qarabağ iqtisadi rayonunda demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri”, “Qarabağ iqtisadi rayonunun turizm və rekreasiya potensialı”, “Qarabağ iqtisadi rayonunun qədim yurd yerləri və toponimlərinin izahlı lüğəti”, 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası Dövlət Proqramının yerinə yetirilməsi üzrə “Azərbaycan Respublikasının sosial-demoqrafik inkişafı və məşğulluq problemləri” adlı  kitab hazırlanaraq nəşr edilib.

Bildirilib ki, 2024-cü ildə əməkdaşlar öz elmi fəaliyyətlərini 2 problem - Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi əsasında aparıblar. Elmi-tədqiqat planına uyğun olaraq 16 mövzu, 17 iş və 7 mərhələdən cari ilin sonunda 1 mövzu, 4 iş və 3 mərhələ yerinə yetirilib.

Əldə edilən elmi nəticələrdən danışan professor qeyd edib ki, ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının böyük miqyaslı (100 000) rəqəmsal landşaft-ekoloji şəbəkə xəritəsi tərtib edilmiş, struktur-idarəetmə modeli təklif olunmuş və ekoloji şəbəkənin əsas elementləri (nüvə, ekoloji dəhliz, şirin su ekosistemləri, təbii və süni meşə ekosistemləri, təbii abidələr) müəyyənləşdirilmişdir. Qeyd olunanlar Böyük Qayıdış Dövlət proqramına uyğun dayanıqlı ekosistemlərin təşkilinə və idarə edilməsinə imkan verəcəkdir.

Şərqi Zəngəzur iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmanın prioritet istiqamətlərinə gəlincə, 30 ildən çox müddətdə regionun çox hissəsi işğal altında olmuş, əhali məcburi köçkün vəziyyətində yaşamışdır. Ona görə demoqrafik göstəricilər qiymətləndirmə xarakterli olmuş, onların nizamlanmasında çətinliklər qarşıya çıxmışdır. Ölkədə olduğu kimi iqtisadi rayonda da demoqrafik göstəricilərin dinamikasında dövrilik müşahidə edilir. XX əsrin 90-cı illərindən başlanan azalmalar 2005-ci ilə qədər davam etmiş, 2005-2016-cı illərdə yenidən müşahidə edilən artım bu dövrdən sonra geriləmişdir. Hazırda da çox aşağı kəmiyyətlər səciyyəvidir.

Günəş panellərinin ani, günlük, aylıq, mövsümlük, yarım illik, illik və hər hansı zaman aralığı üçün optimal istiqamətini təyin edən proqram paketi hazırlanmaqdadır. Bu proqram paketi  mürəkkəb topoqrafiyaya malik və təmiz enerji istifadəsinin xüsusi önəm kəsb etdiyi yüksək turizm potensialına malik dağlıq ərazilərdə, o cümlədən işğaldan azad edilmiş Qarabağ bölgəsində Günəş panelinin optimal istiqamətini təyin etmək üçün tətbiqi edilə bilər.

Şərqi Zəngəzur iqtisadi rayonunun landşaft-iqlim şəraiti və kurort-rekreasiya ehtiyatları elmi mənbələr əsasında araşdırılmış, regionun tarixi-mədəni irs nümunələri və onların dəqiq koordinatları müəyyən edilməklə ümumiləşdirilərək, ArcCİS proqram təminatı vasitəsilə məlumat bazası yaradılmış və son nəticə kimi “Şərqi Zəngəzur iqtisadi rayonunun turizm xəritəsi” tərtib edilmişdir. Xəritə əsasında regionda təbii turizm, macəra turizmi, idman turizmi, bioturizm, ekoturizm, müalicə turizmi kimi turizm növlərini inkişaf etdirmək mümkündür.

 Coğrafiya İnstitutunda “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Coğrafiyanin müasir problemləri: elm və təhsilin inteqrasiyası” adlı 2 Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Qeyd edilib ki, cari ildə İnstitut əməkdaşları tərəfindən “Coğrafiya və təbii resurslar” jurnalının 2 sayı, 8 monoqrafiya, 2 dərslik, 2 dərs vəsaiti   nəşr edilib. 2024-cü ildə İnstitut əməkdaşları tərəfindən 90-u xaricdə, 27-si impakt-faktorlu olmaqla, 217 elmi məqalə, 6 tezis çap olunub. Qrantlar əsasında 4 elmi-tədqiqat işi yerinə yetirilib, 2-si üzərində iş davam edir.

İnstitutda fəlsəfə doktoru hazırlığı üzrə 24 doktorant, 4 dissertant, elmlər doktoru hazırlığı üzrə 10 dissertant təhsil alır. 

İnstitutun beynəlxalq əlaqələrindən söz açan professor cari ildə elmi əməkdaşlığa dair 6 memorandumun imzalandığını diqqətə çatdırıb. Rusiya, Qazaxıstan, Polşa alimləri elmi seminarlarda məruzələrlə çıxış ediblər, İnstitut əməkdaşları konfrans, forum və  müxtəlif digər elmi tədbirlərdə iştirak etmək üçün Almaniya, Gürcüstan, Çin, Rusiya (müxtəlif vilayət və şəhərlər olmaqla), Rumıniya, Qazaxıstan, və s. kimi ölkələrdə olublar.    

Məruzəçi elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı, elektron elmin vəziyyəti, qrant layihələrinin yerinə yetirilməsi, institutun veb-saytının elmin təbliği istiqamətindəki fəaliyyəti və s. haqda ətraflı məlumat verib.

Kütləvi informasiya vasitələri ilə əlaqələrdən danışarkən müəssisə rəhbəri qeyd edib ki, coğrafiya həyatın əksər sahələrini əhatə etdiyindən ölkədə baş verən iqtisadi, siyasi, sosioloji, ekoloji proseslərin, tez-tez və ya nadir hallarda baş verən təbiət hadisələrinin KİV-də aydınlıq gətirməsi Coğrafiya İnstitutu əməkdaşları tərəfindən artıq ənənə halını alıb. Belə ki, hesabat ilində İnstitut alimləri COP29, iqlim dəyişikliyi, Xəzərin problemləri (tərəddüdü, çirklənməsi, suyunun azalması), demoqrafik problemlər, yaşıl enerji, təhlükəli təbiət hadisələri, İçməli su problemi, çayların quruması, işğaldan azad edilmiş ərazilərimizin təbii şəraiti, coğrafi resursları, sosial-iqtisadi vəziyyəti, yenidənqurma, bərpa işləri və s. mövzularda kütləvi informasiya vasitələrində  368 sayda müsahibə, çıxış, məqalə ilə iştirak ediblər.

İclasda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb və təkliflər dinlənilib.

Tədbirdə çıxış edən akademik Qərib Məmmədov, professorlar Fərda İmanov, Şövqi Göyçayski, Rza Mahmudov, Məqsəd Qocamanov, fəlsəfə doktorları Rəşid Fətəliyev, Ənvər Əliyev və Mirnuh İsmayılov coğrafiya elminin problemlərindən, onun inkişafına mane olan səbəblərdən danışıblar.

Coğrafiya İnstitutunun elmi və elmi-təşkilati fəaliyyəti iştirakçılar tərəfindən müsbət qiymətləndirilərək qəbul edilib.