AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimovun ETN Radiasiya İnstitutunda “COP-29 görüşündən çıxan nəticələr: istixana qazlarının emissiyası və onların azaldılması imkanları” mövzusunda təqdimatı baş tutub.
Tədbiri giriş sözü ilə açan Radiasiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev mövzunun aktuallığı barədə qısa arayış verərək iqlim dəyişmələrinə mühüm təsir göstərən istixana qazlarının emissiyasının azaldılmasının əhəmiyyətini vurğulayıb.
Sonra tədqimatla çıxış edən Rövşən Kərimov iqlim dəyişmələrinin mahiyyəti, bu dəyişmələrə səbəb olan proseslər, istixana effekti yaradan qazlar, onların emissiyasına səbəb olan antropogen fəaliyyətlər barədə ətraflı məlumat verib. Alim Kioto Protokolundan irəli gələn öhdəliklər, BMT-nin iqlim dəyişmələri konfransları, o cümlədən Azərbaycanın ev sahibliyi etdiyi sonuncu COP tədbirinin nəticələri barədə danışıb. Azərbaycanın energetika, nəqliyyat və kənd təsərrüfatı sahələrinin hər birində istixana qazlarının atılması ilə bağlı olan vəziyyəti, son meylləri və problemlər barədə məlumat verən məruzəçi beynəlxalq təcrübədən çıxış edərək bu sahədə mümkün mitiqasiya tədbirlərinin nədən ibarət olduğun diqqətə çatdırıb.
Sonda R.Kərimov görüş iştirakçılarının suallarını cavablandırıb.