Təqdimatla çıxış edən AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov ötən il bölmənin müəssisələrində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Dövlət Proqramlarının yerinə yetirilməsi üzrə görülmüş işlər, aparılan tədqiqatlar barədə məlumat verib.
Bildirilib ki, 2024-cü ildə AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 14 problemi əhatə edən 44 mövzu, 51 elmi tədqiqat işi, 20 mərhələ üzrə elmi tədqiqatlar yerinə yetirilmiş, 3 mövzu, 9 elmi-tədqiqat işi başa çatdırılmışdır. Hesabat ilində YEB-in əhatə dairəsində olan elmi müəssisələrdə 13 mühüm nəticə alınmış, təsərrüfat müqaviləsi əsasında 110 elmi-tətbiqi iş yerinə yetirilmişdir.
F.Qədirov “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində bölmənin təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri”, “Yaşıl enerji və süni intellekt”, eləcə də bölmənin alimlərinin COP29 tədbirləri - “Uzunmüddətli istixana qazı emissiyalarının təsirlərin inkişaf strategiyaları vasitəsilə yumşaldılması və uyğunlaşması” panel iclası, “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa, “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” mövzusunda görüş və “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağıırışlar” mövzusunda müzakirələrdə iştirakı barədə məlumat verilib.
Məruzəçi Coğrafiya İnstitutunun cari ildəki uğurlarından danışarkən Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin əməkdaşları Elnur Səfərov və Səid Səfərovun müəllif olduqları və yüksək reytingli WATER jurnalında dərc olunan "Changes in the Hydrological Regime of the Volga River and Their Influence on Caspian Sea Level Fluctuations" adlı məqaləni xüsusi qeyd edib və bunu dənizinin tədqiqində yeni və mühüm bir addım olduğunu diqqətə çatdırıb.
Nəşr fəaliyyəti barədə məlumat verən akademik Fəxrəddin Qədirov hesabat ilində Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 11 monoqrafiya (2-si xaricdə), 41 kitab (11-i xaricdə) və 22 dərslik, 368 məqalə (161-i xaricdə), 123 tezisin (65-i xaricdə) nəşr edildiyini, onlardan 93-ü “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb. F.Qədirov hesabat ilində Yer Elmləri Bölməsinin alimlərinin birgə iştirakı ilə “Pliosen Karbohidrogen Sedimentary Series of Azerbaijan” adlı monoqrafiyanın Almaniyada, “Springer” nəşriyyatında (ingilis dilində) çapdan çıxdığını diqqətə çatdırıb.
O, həmçinin bölmənin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, qrantlar və təltiflər, elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də müəssisələrin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin böyük elmi işçisi Elnur Səfərov tədbirdə çıxış edərək İDEA ictimai birliyinin, ADA universiteti, Bakı ticarət limanı və Coğrafiya institutunun dəstəyi ilə yeni Xəzər elmi-tədqiqat mərkəzinin yaradılması barədə məlumat verib. O bildırıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin təsisçisi Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdəki çıxışında bunu xüsusi qeyd edib.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.