Cİ əməkdaşları miqrasiya problemlərinə dair beynəlxalq tədbirdə iştirak ediblər Fev 07, 2025 | 03:02 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, aparıcı elmi işçiləri, coğrafiya üzrə fəlsəfə doktorları Rövşən Kərimov və Natəvan Cəfərova, eləcə də layihənin digər icraçısı, c.ü.f.d. Rövşən Abbasov  Horizon-2020 proqramı çərçivəsində həyata keçirilən “Miqrant agentliyi üçün tarixlərin və arxivlərin əlaqələndirilməsi” (ITHACA) adlı layihə fəaliyyətlərinin tərkib hissəsi kimi yanvarın 29-dan fevralın 2-ədək Belçikanın Brüssel şəhərində səfərdə olublar.

İTHACA Final konfransı adlı bu tədbirdə layihə iştirakçıları miqrasiya problemlərinə həsr olunmuş tədqimatlarda iştirak ediblər. Layihə konsorsiumu üzrə idarəetmə heyətinin üzvü Rövşən Kərimov təbii fəlakət nəticəsində baş verən ekomiqrasiya problemi haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Azərbaycandakı ekomiqrasiya haqqında məlumatların toplanmasında fəal iştirak etmiş layihə icraçıları Natavan Cəfərova və Rövşən Abbasov aparılan müzakirələrə qatılıblar.

Tədbirdə Almaniyanın Vuppertal Universitetinin rəhbərliyi ilə OPPORTUNITIES adlı layihə üzrə hazırlanmış miqrasiyaya dair sənədli filmlər nümayiş etdirilib.

Qeyd edək ki, ITHACA layihəsinin icrası 2021-2025-ci illəri əhatə edir, layihənin əlaqələndirici təşkilatı İtaliyanın Modena Recio Emilia Universitetidir.