Coğrafiyaçı alim Abşeron Milli Parkının yubiley tədbirində iştirak edib Fev 12, 2025 | 05:02 / MÜHÜM HADİSƏLƏR

ACC-nin sədri və ETN-nin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri dosent Mirnuh İsmayılov Abşeron Milli Parkının 20 illiyi münasibətilə keçirilən “20 ilin dəyəri” adlı tədbirdə iştirak edib.

Abşeron Milli Parkının “20 ilin dəyəri” adlı stendinin təqdimatında iştirak edənlər təşkil olunmuş rəsm və instalyasiya nümunələrinin sərgisinə baxış keçiriblər.

M.İsmayılov ekoloq, zooloq və coğrafiyaçı alim-mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə  çıxış edərək parkın bioloji müxtəlifliyinin əsas elementləri, yerləşdiyi ərazinin coğrafi xüsusiyyətləri, Azərbaycanda olan digər parklardan fərqi, onun ölkəmiz üçün dəyəri, barədə danışıb. Alim Abşeron Milli Parkının çox həssas landşafta sahib olduğunu,  onun Xəzərin səviyyəsinin qalxıb-enməsinin ən çox təsirə məruz qalan parklarından biri olduğunu, Abşeron yarımadasında belə bir qorunan təbiət ərazinin mövcudluğunun əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirin sonunda M.İsmayılov bir neçə mütəxəssislə birgə ekoloji maarifləndirmə və təbiəti mühafizə sahəsində tərəfdaşlığa, Abşeron Milli Parkının fəaliyyətinə töhfə verdiyinə görə Xatirə Diplomu ilə təltif edilib.

Qeyd etmək yerinə düşər ki, coğrafiyaçı alim Abşeronun sahilboyu qayalıqlarının müasir vəziyyəti və sabahı haqqında hələ 2 il əvvəl Respublika qəzetində çıxış edərək etinasız münasibət nəticəsində bu ərazilərdə tarixi-mədəni abidələrimizin uçulub-dağılması problemini işıqlandırıb. Məqalədə deyilir ki, Abşeronun turizm əhəmiyyətli unikal ekosisteminin əzəli vəziyyətində qorunub saxlanılması, dövlət mühafizəsinə götürülməsi və təbiət statusu alması üçün  müvafiq qurumların səyi vacibdir.