Coğrafiya İnstitutunda astronomik cisimlərə dair məruzə dinlənilib Fev 24, 2025 | 02:02 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının hibrid formatda seminarı keçirilib.

Seminarda Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyevin "Meteoritlər, astroblemlər,  Xəzər dənizi və Azərbaycan folkloru" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında meteoritlər, asteroidlər, onların törətdiyi fəsadların – kraterlərin və astroblemlərin  kompleks öyrənilməsinin əhəmiyyəti, eləcə də indiyədək Azərbaycan ərazisinə düşmüş meteoritlər və onların xüsusiyyətləri haqqında ümumi məlumat  verib, elmi araşdırmalarda multidissiplinar (fənlərarası) yanaşmanın vacibliyini xüsusi vurğulayıb. O  həmçinin Azərbaycan folklorundakı bəzi deyimlərin səma cisimləri, meteoritlərlə bağlı olması ehtimalını irəli sürüb,

Məruzəçi Cənubi Xəzər hövzəsinin və orada toplanmış çox böyük qalınlığa malik çöküntü qatının  əmələ gəlməsinə dair mövcud konsepsiyalardan fərqli olaraq, hövzənin asteroid mənşəli olması fərziyyəsinin birgə tədqiq edilməsi üçün fənlərarası layihənin işlənib hazırlanmasını təklif edib. Onun fikrinə görə yeni kompleks yanaşma Xəzər dənizinin əbədi probleminə (transqressiya və reqressiya), neft yataqlarının əmələ gəlməsinə və palçıq vulkanlarının püskürməsinə dair mövcud konsepsiyalara yenidən baxmağa və bəlkə də daha doğru nəticələr əldə etməyə imkan verə bilər.