Coğrafiya İnstitutunda Beynəlxalq Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirilib Mart 03, 2025 | 03:03 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 1 Mart  Beynəlxalq Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Xocalı qurbanları və Vətənin uğrunda canlarından keçən igid şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan baş direktor vəzifəsini icra edən c.ü.f.d., dosent Zaur İmrani bu günün qeyd olunmasının məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verərək bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci il  martın 1-indən etibarən  bu təşkilata üzv olan 50-dən artıq ölkədə Ümumdünya Mülki Müdafiə Günü qeyd edilir, Beynəlxalq Mülki Müdafiə Təşkilatının məqsədi dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni yaymaq, mülki müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir. Azərbaycan 1993-cü ildən bu mötəbər qurumla sıx əməkdaşlıq edir, onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

Tədbirlər planına uyğun olaraq hər il Coğrafiya İnstitutunda 1 Mart BMMG-nin qeyd edildiyini vurğulayan Mülki müdafiə qərargahının rəisi Namazəli Müstafayev əhalinin mühafizəsinin, fövqəladə hallardan mühafizə sahəsində hazırlığının təmin edilməsinin  mülki müdafiə orqanlarının qarşısında  bir nömrəli vəzifə kimi dayandığını diqqətə çatdırıb. N.Mustafayev İnstitutun ETN-nin tərkibinə keçməsi ilə əlaqədar müəssisənin MM qüvvələrinin 2025-ci ildə yeni strukturu və onların fəaliyyəti haqqında qısaca məlumat verib. O həmçinin coğrafiyaçı alimlərin texnogen hadisələrlə bağlı kütləvi informasiya vasitələrində mütəmadi olaraq əhalini məlumatlandırdıqlarını müsbət hal kimi dəyərləndirib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Şöbə müdiri c.ü.f.d. Solmaz Rzayeva, c.e.d., baş elmi işçi Stara Tarixazər, kompüter operatoru Aidə Aslanova mövzu ətrafında çıxış edərək fikirlərini bildiriblər.