Okeonoloq alim su nəqliyyatina dair Beynəlxalq konfransda çixiş edib May 30, 2025 | 05:05 / MÜHÜM HADİSƏLƏR

            AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası” şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Rusiya  Federasiyasının Həştərxan şəhərində  keçirilən “Su nəqliyyatı probleminin aktual həlli” IV Beynəlxalq elmi-praktiki konfransda onlayn formatda iştirak edib.

General-adm. F.M.Apraksin adına Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda keçirilən toplantıda Xəzəryanı ölkələrin alim və mütəxəssisləri məruzələrlə çıxış ediblər.

Professor  Ə.Əliyev konfransın plenar iclasında  “Xəzər dənizinin səviyyəsinin dəyişmələri və onların Azərbaycanın sahilyanı ərazilərində fəsadları” mövzusunda məruzə edib. Məruzədə son illərdə Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədar Azərbaycanın sahil zonasında neqativ proseslər, xüsusilə dəniz gəmiçiliyinə, neft-qaz sənayesinə, balıqçılığa, kənd təsərrüfatına və digər sahələrə təsirləri geniş təhlil edilib. Konfransda Xəzər dənizində nəqliyyatın inkişaf perspektivləri, AR ərazisində səviyyənin  liman təsərrüfatına təsirləri, gəmiçiliyinin perspektivləri və digər məsələlər şərh edilib.

Sonda Rusiya Federasiyasının  general-adm. F.M. Apraksin adına Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutu ilə Azərbaycan Dövlət Dəniz Akademiyası arasında əməkdaşlığa dair saziş imzalanıb.