Coğrafiya İnstitutunun alimləri Almaniyanın Gissen şəhərində beynəlxalq seminarda iştirak edib İyl 17, 2025 | 12:07 / MÜHÜM HADİSƏLƏR

03-07 iyul 2025-ci il tarixlərində akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu (Azərbaycan), Justus Liebig adına Gissen Universiteti (Almaniya), Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu (Gürcüstan), İvane Cavaxisvili adına Tbilisi Dövlət Universiteti (Gürcüstan) və Qafqaz Ətraf Mühit QHT Şəbəkəsinin (CENN) təşkilatçılığı və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə Gissen şəhərində “Cənubi Qafqazda Transmilli Geoparkların coğrafiyası və iqlim dəyişikliyinə uyğunlaşma” adlı Beynəlxalq seminar keçirilib. Seminarın əsas məqsədi geoparkların təşkili, onların fəaliyyəti və planlaşdırılması, geoparklarda yaranan problemlərin həlli yolları, o cümlədən qlobal iqlim dəyişikliyinin yaratdığı ekoloji çağırışlar, eləcə də potensial geopark ərazilərinin müəyyən edilməsi ilə bağlı geniş spektrli məsələlərin müzakirəsi olub.

Seminarın ilk günündə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Coğrafiya İnstitutunun baş direktor v.i.e. dosent Zaur İmrani “Azərbaycanda Geoparkların tətbiqi üçün GeoData - sahə tədqiqatlarının aktual mərhələsi” adlı məruzə ilə çıxış edib. Növbəti günlərdə isə Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov “Azərbaycanda iqtisadi transformasiya və iqlim adaptasiyası kontekstində dayanıqlı inkişaf məqsədləri”, c.ü.f.d. Samirə Abuşova “İqlim dəyişikliyi və relyefin morfometrik göstəricilərinin turizmə təsiri”, c.ü.f.d. Nicat İmamverdiyev “Bərpa olunan enerji və iqlim strategiyaları: coğrafi təhlil və innovativ yanaşmalar”, c.ü.f.d. Camal Hüseynov “Müasir iqlim dəyişikliklərinin Azərbaycan ərazisinə təsirləri”, c.ü.f.d. Səidə Zeynalova “Azərbaycanda iqlim dəyişikliyi kontekstində su ekosistemlərinin eko-coğrafi problemləri”, c.ü.f.d. Turanə Hüseynova “İqlim dəyişikliyinin əhalinin həyat keyfiyyətinə təsiri (Azərbaycan Respublikasının Böyük Qafqaz regionu timsalında)”, doktorant Bəyimxaım Hüseynova “Naxçıvan Muxtar Respublikasının Transmilli Geopark namizədliyinə doğru: Geoturizm potensialı və strateji baxış”, doktorant Yusif Hidayət “Azərbaycanda iqlim dəyişikliyinə uyğunlaşma strategiyaları”, magistr Minayə Ələkbərli “Uzaqdan zondlamanın iqlim uyğunlaşması strategiyalarına inteqrasiyası: Azərbaycanda yaşıl məkan monitorinqinin tədqiqi” adlı məruzələri ilə çıxışlar ediblər. Seminarda həmçinin işçi qrupu çərçivəsində tələbələrlə görüşlər təşkil olunub. Seminarın gedişində dosent Zaur İmrani Coğrafiya İnstitutu və Gissen Universiteti arasında bağlanmış Memoranduma əsasən gələkdə birgə layihələrin və tələbə mübadiləsinin müzakirələri aparılıb.

07-10 iyul 2025-ci il tarixlərində isə seminarın praktiki hissəsi çərçivəsində Almaniya və Çexiya ərazilərini əhatə edən “Transmilli Bavariya-Bohemiya Geoparkı”na Geoelmi ekskursiyası təşkil olundu. Ekskursiya zamanı hər iki ölkənin bir sıra əsas geositləri: müxtəlif təbiət abidələri, kanyon dərələr, mağaralar, bazalt sütunları, vulkanik süxurlar barədə geniş məlumat verildi.

Almaniya tərəfində UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş və dünyanın ən mühüm paleontoloji sahələrindən biri olan Messel fosil karxanası; Almaniya ilə Çexiya sərhədində yerləşən, vulkanizm və seysmik aktivliklə xarakterizə olunan Eger Rift tektonik fəal zona; bazalt sütunlu strukturları ilə məşhur olan, miosen dövrünə aid sönmüş Parkstein vulkanı; qranit hasilatı ilə bağlı tarixi bir yer olan Flossenbürg karxanası, həmçinin vulkanizm muzeyinə səfər təşkil edilmişdir. Çexiya tərəfində isə Plana şəhəri, Kladska Milli Təbiət Qoruğu və keçmiş Jeronym Qalay mədənində yerləşən “İeronim” informasiya mərkəzi ilə tanış olmuş, burada beynəlxalq geopark çərçivəsində regionun geologiyası və dağ-mədən işi haqqında məlumatlar təqdim edilmişdir. Bundan əlavə, Geoelmi ekskursiya zamanı Yer qabığının elmi tədqiqatları üçün yaradılmış Kontinental Dərin Qazma Mərkəzi və Goldkronach geositi ilə də tanışlıq səfəri olmuşdur.

Geoelmi ekskursiya iştirakçılarını səfər boyu Bavariya Geoparkının direktoru Dr. Andreas Peterek müşayiət etmişdir.