Azərbaycan televiziyasının CBC kanalında Xəzər dənizinin suyunun azalması barəsində çəkilən “Xəzərin fəlakətli surətdə dayazlaşmasinda Volqa çayi “təqsirkardir” başlıqlı verilişdə AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyevin müsahibəsi yer alıb.
Alim dənizin dayazlaşma problemini Xəzərin su balansıının gəlir hissəsinin 80 faizdən çoxunu təşkil edən Volqa çayının suyunun azalması ilə əlaqələndirir. Onun sözlərinə görə son 30 ildə Volqa çayının suyunun təxminən 20-30 faizi azalmışdır. Bu isə iqlim dəyişmələri, əsasən də Şimali Atlantika okeanı üzərində yaranan və Xəzər dənizi hövzəsinə istiqamətlənən siklonlar və antisiklonlarla bağlıdır.
Alimlər inanırlar ki, Xəzər dənizi gələcəkdə təbii sikllərə uyğun olaraq öz əvvəlki səviyyəsinə qayıdacaq.