Cİ-nun elmi seminarında Anım Gününə həsr edilmiş məruzə dinlənilib Sen 19, 2025 | 04:09 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarı 27 sentyabr – Anım Gününə həsr edilib.

İnstitutun elmi katibi c.ü.f.d. dosent Səidə Zeynalova gündəlikdə duran məsələni elan etdikdən sonra iclas iştirakçıları Azərbaycan uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Elmi katib Anım Gününün  ölkəmizin hər yerində geniş qeyd olunduğunu, bugünkü tədbirin Coğrafiya İnstitutunun Anım Gününə həsr etdiyi silsilə tədbirlər içərisində sayca ikinci olduğunu və şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daima yaşayacağını diqqətə çatdırıb.

Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri c.ü.f.d., dos. Mirnuh İsmayılov “Qarabağ və Şərqi Zəngəzur regionlarının ekoloji problemləri: belliqerativ landşaftlardan gələcəyə doğru” adlı təqdimatla çıxış edib. Alim məruzəsində bu ilin avqust ayında işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur bölgələri landşaftlarının təbii ehtiyat potensialının qiymətləndirilməsi, müasir transformasiya tendensiyalarının və ekogeokimyəvi şəraitinin tədqiqi məqsədi ilə ekspedisiyada olarkən görülmüş elmi-tədqiqat işinin hesabatını verib.

Məruzəçi həmçinin 1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri, onların işğal tarixi, ərazilərinin sahəsi göstərilməklə I Qarabağ müharibəsində  itkin düşmüş, əsir-girov götürülmüş, azad edilmiş və şəxsiyyəti müəyyən edilmiş itkin -şəhidlərlə bağlı statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb, işğaldan azad edilmiş ərazilərdə gedən  bərpa-quruculuq işləri, nəqliyyat infrastrukturunun təşkili və s. məsələlərə toxunub.