Geomorfoloqlar Qarabağ ərazisində ətraf mühiti tədqiq ediblər Sen 24, 2025 | 12:09 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin əməkdaşları – böyük elmi işçi c.ü.f.d Sevinc Məmiyeva, aparıcı elmi işçi c.ü.f.d Samirə Abuşova və  kiçik elm i işçi Şəhla İsmayılova sentyabrın 11-dən 20-dək  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda çöl tədqiqat işləri aparıblar.

Səfərin məqsədi illik iş planına uyğun olaraq “Qarabağ və ətraf ərazilərin relyef resurslarına antropogen təsirlərin yaratdığı təhlükə və risklərin qiymətləndirilməsi, monitorinq xəritələrinin hazırlanması” mövzusunda ərazinin geomorfoloji şəraitinin, kənd və əkin sahələrinin, salınan yolların təsiri ilə relyefdə baş verən dəyişikliklərin və ətraf mühitin vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək olub.

Zəngilan rayonunda, Laçın şəhərində və onun ətraf kəndlərində inşa edilmiş yol şəbəkəsi, yaradılan kənd və şəhərlərin birbaşa relyefə təsiri, həmçinin təbii fəlakətlərin (sürüşmə, sel, uçqun, ufantı və s.) meydana gəlməsinə səbəb olan amillərin yayılması və formalaşması barədə məlumat toplanılıb.

Ekspedisiya müddətində tədqiqatçılar Laçın şəhəri və onun ətraf kəndlərinin yer səthindən 1947 metr yüksəklikdəki həddə qədər relyefin dəyişməsini, həmçinin Şuşa, Xankəndi şəhərlərində və Ağdamda yeni yaradılmış qəsəbələrin relyefini müşahidə ediblər.