AR ETN Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "THE Avrasiya Universitetləri Sammiti" çərçivəsində ProQuest Central akademik informasiya bazasının açılış mərasimində Coğrafiya İnstitutunun baş direktor v.i.e. c.ü.f.d., dosent Zaur İmrani və elmi katib c.ü.f.d., dosent Səidə Zeynalova, eləcə də Azərbaycanın nüfuzlu elmi-tədqiqat institutlarının, universitetlərinin və kitabxanalarının direktorları və qabaqcıl tədqiqatçıları, Clarivate şirkətinin satış üzrə mütəxəssisləri iştirak ediblər.
Tədbirin əsas məqsədi Azərbaycan tədqiqatçılarını dünyada aparılan elmi araşdırmalarla yaxından tanış etmək üçün etibarlı platforma olan ProQuest Central imkanlarından istifadəni daha əlçatan etmək olub.
Təbdirin açılışında iştirak edən EATDA-nın direktoru Ülkər Səttarova bildirib ki, nüfuzlu şirkət olan Clarivate ilə akademik səviyyədə əməkdaşlıq mövcuddur. Ülkər Səttarova son illər elm sahəsində əldə olunan nəaliyyətləri vurğulayıb və keyfiyyətli elmi məhsulların sayının əhəmiyyətli dərəcədə artmasını qeyd edib. Yəni, son 3 il ərzində Q1 və Q2 kateqoriyalarında olan məqalələrin sayı 65%-dən 2025-ci ildə 77%-ə çatıb ki, bu da həm kəmiyyət, həm də keyfiyyət üzrə Azərbaycanı regionun lideri edir.
Sonra Clarivate şirkətinin Satış seqmenti üzrə vitse-prezidenti Stephen Havthorne şirkətin əsas strategiyası, onun üstünlükləri və üzvləri barədə məlumat verib. Clarivate şirkətinin Müştəri müvəffəqiyyəti üzrə strateji məsləhətçisi Valentin Boqorov son illərin analitik təhlillərini iştirakçıların diqqətinə çatdırıb, akademik tədqiqat və təhsil sahəsində müxtəlif növ məlumat resurslarını təqdim edir. Tədbirdə Clarivate şirkətinin Müştəri müvəffəqiyyəti üzrə məsləhətçisi İltifat İbrahimov isə 2024-cü ildə əməkdaşlığın genişmiqyaslı abunəliyə çevrildiyini və Azərbaycanın bütün universitet və tədqiqat müəssisələrinin Web of Science platformasına çıxış imkanı yaradıldığını bildirib.
Qeyd edək ki, ProQuest Central platforması biznes, səhiyyə və tibb, təbiət, sosial, humanitar elmlər, incəsənət, din, təhsil, elm və texnologiya daxil olmaqla, bütün elm sahələri üzrə verilənlər bazalarına girişi təmin edir. ProQuest Central platformasına elmi jurnallar, qəzetlər, dissertasiyalar, biznes hesabatları, nümunəvi araşdırmalar və s. daxildir.