AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu arasında görüş keçirilib.
Tədbirdə SMETİ-nin şöbə müdirləri Nəzər İsmayılzadə, Günay Abbasova, sektor müdiri Kəminə Ağayeva, aparıcı elmi işçi Akif Hacıəliyev, elmi işçi Nərgiz Budaqova, böyük məsləhətçisi Nəzrin Məmmədova, eləcə də Cİ-nin şöbə müdirləri professor Əmir Əliyev və prof. Rza Mahmudov, hidrologiya və iqlim şöbəsinin alimləri və digər əməkdaşlar iştirak ediblər.
Baş direktor v.i.e. coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani qonaqları salamladıqdan sonra gündəlikdə duran məsələ ilə iştirakçıları tanış edib. O bildirib ki, əsas məqsəd milli strategiyanın icrasına yönələn süni yağış texnologiyalarının inkişafı və tətbiqi üçün praktiki əhəmiyyət daşıyan əməkdaşlıq imkanlarını müzakirə etməkdir.
Meliorasiya tədqiqatları şöbəsinin müdiri Nəzər İsmayılzadə çıxış edərək tədbirdə müzakirə olunan mövzuların Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın hədəfləri ilə uzlaşdığını diqqətə çatdırıb. Qeyd edilib ki, bu strateji sənəd su ehtiyatlarının qorunması, onların daha səmərəli idarə olunması və innovativ texnologiyaların tətbiqi istiqamətində ölkə miqyasında həyata keçirilən tədbirlərə xüsusi önəm verir.
Sonra Beynəlxalq əlaqələr şöbəsinin böyük məsləhətçisi Nəzrin Məmmədova süni yağış texnologiyasının inkişafı ilə bağlı Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunda aparılan işlər, süni yağışın kənd təsərrüfatında, meşə yanğınlarının qarşısının alınması, su ehtiyatlarının idarə olunması və sairdə rolu və əhəmiyyəti haqqında təqdimatla çıxış edib.
Süni yağış texnologiyaları, bu işdə beynəlxalq təcrübələr, iqlim parametrləri və onlara uyğun ərazi seçimi barədə məlumat verən məruzəçi bu məqsədlə Azərbaycanda seçilən ərazilərin Kür-Araz ovalığında Şirvan maili düzənliyinin şimal və mərkəzi hissələrini və Qarabağ zonasını əhatə etdiyini vurğulayıb.
İclasda gözlənilən risklər, səth sularının yığılması, yağış sularından istifadə, su süxurlarının yaradılması və s. kimi məsələlərə də toxunulub.
Mövzu ətrafında aparılan müzakirələrdən sonra qərara alınıb ki, Coğrafiya İnstitutu SMETİ-yə ərazi seçimində köməklik göstərəcək, fiziki-coğrafi xüsusiyyətləri, hidrologiyası və iqlim şəraiti ilə bağlı məlumatları göstərməklə ərazinin xəritəsini hazırlayaraq ona təqdim edəcək.
Görüşdə həmçinin gələcək əməkdaşlıq üçün memorandum imzalanması barədə zəmin yaradılıb.