2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və Coğrafiya İnstitutunun yaradılmasının 80 illik yubileyi ilə əlaqədar regionlara səfərlər edilir, orada təhsil alan tələbələrin gələcək elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində tədbirlər keçirilir.
Azərbaycanın dövlət siyasətinin əsas prinsiplərindən biri elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsidir. Bu məqsədlə AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Almaniyanın Gissen Universitetinin Coğrafiya Departamenti ilə bağlanmış memoranduma əsasən 24-28 sentyabr 2025-ci il tarixlərində Coğrafiya İnstitutunun baş direktoru c.ü.f.d., dosent Zaur İmrani, elmi işçi Bəyimxanım Hüseynova, c.ü.f.d. Samirə Abuşova, c.ü.f.d. Turanə Hüseynova, elmi işçi Ayşən Məmmədova, kiçik elmi işçi Nazim Gəraylı, baş laborant Şəms İmrani və Gissen Universitertinin 5 tələbəsi Quba rayonuna ezam olunublar.
Ezamiyyə müddətində ilk olaraq İnstitutun əməkdaşları və xarici tələbələr Quba rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Səidə Abasova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru fiz.e.d., professor Yusif Alıyev ilə görüşüb, daha sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
Rəsmi görüşün davamında əməkdaşlarımız və xarici tələbələr ADPU-nun Quba filialında olublar. Yusif Alıyev universitetinin tarixi, strukturu, tələbə həyatı haqqında qısa məlumat verib. İştirakçılar 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərin əziz xatirəsi yad ediblər, şəhid adına yaradılan auditoriyada universitetdə aparılan tədris prosesi haqqında məlumat əldə ediblər. Eyni zamanda, Universitetinin ingilis dili qrupunun tələbələri Quba rayonunun qədim tarixi, füsunkar təbiəti, etnik rəngarəngliyi, zəngin mətbəxini əks etdirən təqdimatla çıxış ediblər, onlara verilən sualları cavablandırıblar.
Ekskursiyanın növbəti günlərində Quba rayonunun müxtəlif ərazilərinə, eləcə də Qırmızı qəsəbə, Təngəaltı kəndi, Təmgə dərəsi, Qaçaq Mayıl mağarası, Qəçreş meşəsi, Qudyalçay körpüsü, Cümə məscidi, Sinaqoq evi, Qubada yerləşən memarlıq abidələri və digər görməli yerlərə səfərlər təşkil olunub. Xarici tələbələr səfər etdikləri ərazilər haqqında zəngin məlumatlar toplayıblar.