AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatı əməkdaşların asudə vaxtının səmərəli keçirilməsi üçün Quba şəhərinə tur təşkil edib.
Şəhidlərimizin xatirəsinə və Zəfər Gününə həsr edilmiş tədbir erməni millətçilərinin qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin ziyarəti ilə başlayıb. İştirakçılar Memorial ərazisində təşkil edilən muzeyi gəzərək burada saxlanılan tarixi sənədlərlə tanış olublar. Məlumat verilib ki, Kompleks ərazisindəki məzarlıqda amansızcasına qətlə yetirilən 400-dən artıq insanın cəsədi basdırılıb ki, bunların arasında azərbaycanlılarla yanaşı Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də vardır. Kompleksdə yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Salyan, Göyçay Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırıma dair tarixi sənədlər saxlanılır.
Kompleksi tərk edərkən Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı İnstitut kollektivi adından Muzeyin xatirə kitabına ürək sözlərini yazıb, təşəkkürünü bildirib.
Sonrakı gəzinti Qubanın Təngəaltı, Tağlı körpü, Qırmızı qəsəbə kimi görməli yerlərində davam edib, əməkdaşlar qəsəbənin baş ravini və digər sakinləri ilə maraqlı söhbətlər ediblər.
Turun sonunda gəzinti iştirakçıları maraqlı və əyləncəli səfərə görə HİK sədri Kamran Ramazanlıya və bələdçi Ülvi Süleymaniyə təşəkkürlərini bildiriblər.