Cİ alimləri Xəzərə dair Beynəlxalq konfransda çıxış ediblər Okt 07, 2025 | 05:10 / MÜHÜM HADİSƏLƏR

Bakı Konqres Mərkəzində “Xəzər dənizi üçün dönüş nöqtəsi: COP29 və UNOC 2025 nəticələrindən COP30 üzrə fəaliyyətə” adlı beynəlxalq konfrans keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, IDEA İctimai Birliyi və CASPISNET elmi şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən konfrans 10-dan çox ölkədən olan ekspertləri bir araya gətirib. Məqsəd dəniz ekologiyası, dayanıqlı akvakultura, hidroloji tədqiqatlar, coğrafi informasiya sistemləri və digər müvafiq sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin dəniz səviyyəsinin dəyişkənliyi, dəniz bioçeşidliyinin qorunması və ekoloji balans üzrə bilik mübadiləsi aparması və ortaq həll yollarının müəyyənləşdirilməsi olub.

Tədbirdə Xəzər dənizinin üzləşdiyi artan ekoloji problemlər - dünyanın ən böyük qapalı su hövzəsi olan bu dənizdə su səviyyəsinin əhəmiyyətli dərəcədə azalması, dəniz bioçeşidliyinin tükənməsi, sahil ekosistemlərinin deqradasiyası, çirklənmənin artması və s. kimi məsələlər müzakirə mövzusu olub.

Konfransda AR Elm və Təhsil Nazirliyi akademik H. Əliyev adına Coğrafiya İnstitutunun alimləri – baş direktor v.i.e. c.ü.f.d. dosent Zaur İmrani Xəzərin səviyyə tərəddüdlərinin iqtisadiyyata, turizmə təsiri, Xəzər dənizinin hidrometeorologiyası  şöbəsinin müdiri c.e.d. Səid Səfərov külək rejiminin səviyyə dəyişmələrinə təsiri, Xəzərin səviyyə problemi şöbəsinin böyük elmi işçisi, c.ü.f.d., CASPISNET-in Azərbaycan üzrə həmsədri Elnur Səfərov isə Xəzər dənizinin sahillərinin plastiklərlə çirklənməsi mövzularında çıxış ediblər.