Qazaxıstanın Xəzər Dənizinin Elmi Tədqiqat İnstitutunun (QXDETİ) alimləri AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.
Səfərin məqsədi Azərbaycanın Coğrafiya İnstitutu ilə tanışlıq və Xəzər dənizinin tədqiqi sahəsində elmi əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.
Coğrafiya İnstitutunun baş direktoru v.i.e. c.ü.f.d. dosent Zaur İmrani qonaqları salamladıqdan sonra onlara İnstitut, onun yaranması, tədqiqat sahələri, alimləri, layihələr və s. haqqında qısaca məlumat verib, Xəzər dənizinin öyrənilməsi sahəsində görülən işlər – elmi layihələr, ekspedisiyalar, nəşr edilən məqalələr və s. barədə danışıb. Z.İmrani institut alimlərinin bu günlərdə Bakı Konqres Mərkəzində Xəzər dənizinə dair keçirilən beynəlxalq konfransdakı iştirakı və çıxışları barəsində də qazax həmkarlarına məlumat verib.
QXDETİ-nin elmi işlər üzrə direktor müavini Serik Timirxanov bildirib ki, bu ilin oktyabr ayında yaradılan Xəzər dənizinin tədqiqi ilə məşğul olacaq İnstitut bütün Xəzəryanı ölkələrin uyğun qurumları ilə əməkdaşlıq etmək niyyətindədir. Azərbaycanın Coğrafiya İnstitutunun bu sahədəki fəaliyyəti və nailiyyətləri haqqında məlumatlı olduqlarını bildirən qazaxıstanlı nümayəndə gələcək əməkdaşlıq üçün memorandum imzalanmasının vacibliyini vurğulayıb.
Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər hər iki qurum arasında elmi əməkdaşlığın davamlı inkişafı üçün görüləcək işlər haqqında təkliflərini bildiriblər.