AR ETN Coğrafiya İnstitutunun Pirqulu biocoğrafi tədqiqatlar stasionarı şöbəsinin müdiri, aqrar elmlər doktoru Çingiz Gülalıyevin həmmüəllif olduğu “Magnetic Susceptibility of Soilsin the Southern Circuit-Baikal Region under the Conditions of Paleocryogenic Hummocky-Depression Microrelief” (Cənubi Baykalətrafı regionunda paleokriogen qabarıq–çökəklikli mikrorelyef şəraitində torpaqların maqnit həssaslığı) adlı elmi məqalə nüfuzlu “Moscow University Soil Science Bulletin” beynəlxalq elmi jurnalında dərc olunub.
Məqalədə Cənubi Baykalətrafı regionunun paleokriogen mənşəli mikrorelyef formaları şəraitində formalaşmış torpaqlarda maqnit həssaslığının məkan paylanması və genetik xüsusiyyətləri kompleks şəkildə araşdırılıb. Tədqiqat çərçivəsində torpaqların maqnit göstəriciləri ilə onların fiziki xassələri (mexaniki tərkib, struktur, nəmlik rejimi) və formalaşma şəraiti arasında qarşılıqlı əlaqələr təhlil edilib, paleokriogen proseslərin torpaq profilinin diferensiasiyasına təsiri elmi əsaslarla izah olunub.
Araşdırmanın nəticələri göstərir ki, maqnit həssaslığı göstəriciləri torpaqların paleoekoloji inkişaf mərhələlərinin, kriogen proseslərin intensivliyinin və mikrorelyef elementlərinin diaqnostik göstəricisi kimi çıxış edə bilər. Bu isə torpaqşünaslıqda maqnit metodlarının paleocoğrafi rekonstruksiya, torpaq proseslərinin monitorinqi və ekoloji vəziyyətin qiymətləndirilməsi baxımından geniş tətbiq perspektivlərinə malik olduğunu təsdiqləyir.
Qeyd edək ki, “Moscow University Soil Science Bulletin” jurnalı Springer Nature nəşriyyat platformasında yayımlanır, beynəlxalq elmi bazalarda indeksləşir və torpaqşünaslıq sahəsində yüksək elmi nüfuza malikdir. Məqalə aşağıdakı DOI ilə açıq elmi dövriyyəyə daxil edilmişdir: https://doi.org/10.3103/S0147687425700401
Dərc olunmuş elmi nəticələr torpaqşünaslıq, torpaq fizikası, paleocoğrafiya və ekoloji diaqnostika sahələrində aparılan müasir tədqiqatlara mühüm töhfə verməklə yanaşı, Coğrafiya İnstitutunun beynəlxalq elmi əməkdaşlığının genişlənməsinə, eləcə də institut əməkdaşlarının nüfuzlu beynəlxalq nəşrlərdə təmsil olunmasına xidmət edir.