MEK-də Coğrafiya İnstitutunun hazırladığı kitabın təqdimatı olub Dek 29, 2025 | 05:12 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın Milli Elmlər Kitabxanasında AR ETN Coğrafiya İnstitutunun hazırladığı "Azərbaycanda coğrafiya elminin tarixi nailiyyətləri və müasir problemləri" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Coğrafiya İnstitutu ilə yanaşı Torpaqşünaslıq və aqrokimya İnstitutunun əməkdaşları, BDU, ADPU, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və digər müəssisələrin nümayəndələri iştirak ediblər. 

Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən c.ü.f.d. dosent Zaur İmrani iştirakçıları salamladıqdan sonra çıxış edərək kitabın mahiyyəti ilə onları tanış edib. O, 2022-ci ildə İnstitutun Elmi şurasının qərarı ilə kitabın hazırlanmasına başlandığını diqqətə çatdırıb və sözü kitabın hazırlanması ideyasını irəli sürmüş və kitabın məsul icraçısı şöbə müdiri, coğrafiya elmləri doktoru professor Rza Mahmudova verib.

kitabın dövrün tələbi ilə yarandığını diqqətə çatdıran professor əsas məqsədin coğrafiya elminin keçdiyi yolu, onun bu günədək olan tarixi nailiyyətlərini, korifey alimlərin xidmətlərini, onların coğrafiya elminə verdiyi töhfələri işıqlandırmaq olduğunu,  bugünkü nəslə çatdırmağın zərurilitini diqqətə çatdırıb. Alim qeyd edib ki,  bu gün dünya,  eləcə də Azərbaycan  coğrafiya  elmi məsələlərinə qlobal iqlim dəyişmələri, onun regional təsirləri, su ehtiyatlarına təsiri və ümumiyyətlə qlobal iqlim dəyişmələrinin ətraf mühitə təsiri prizmasından yanaşmaq lazımdır. O bildirib ki, doktorant və dissertantlar öz elmi yaradıcılıqlarında, elmi tədqiqatlarda bu kitabdan yararlana, ona istinad edə biləcəklər.

Sonra coğrafiya elmləri doktorları Nəriman Paşayev, Məhəmməd Abduyev, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun keçmiş baş direktoru, AMEA-nın müxbir üzvü professor Əlövsət Quliyev, coğrafiya üzrə fəlsəfə doktorları Mirnuh İsmayılov, Solmaz Rzayeva, Cuma Məmmədov çıxış edərək kitabın dəyərindən, ensiklopedik əhəmiyyətindən, onun gənc coğrafiyaçı alim və tədqiqatçılar üçün böyük bir istinad bazası rolunu oynayacağından söhbət aşıblar.