“Kiçik Qafqazın ekogeomorfoloji şəraitinin tədqiqi” adlı monoqrafiya nəşr olunub Yan 26, 2026 | 03:01 / YENİ NƏŞRLƏR

AR ETN  Coğrafiya İnstitutu PHŞ-nin Geomorfologiya və paleocoğrafiya laboratoriyasının böyük elmi işçisi, c.ü.f.d. Samirə Abuşova  “Kiçik Qafqazın ekogeomorfoloji şəraitinin tədqiqi” adlı monoqrafiyası nəşr edilib.

      Monoqrafiya Kiçik Qafqazın geomorfoloji quruluşunu və relyefin statik-dinamik amillərini nəzərə alaraq ekogeomorfoloji şəraitini araşdırmağa həsr edilib. Tədqiqat zamanı ərazinin relyefinin morfometrik parametrləri (üfüqi və şaquli parçalanma, hipsometriya, meyillik və baxarlılıq), litoloji-petroloji xüsusiyyətləri və dinamik proseslər öyrənilmiş, ekogeomorfoloji qiymətləndirmədə əsas göstəricilər kimi istifadə olunmuşdur. Bu amillərə əsaslanaraq ərazinin ekogeomorfoloji rayonlaşdırılması həyata keçirilib.

    Monoqrafiyanın birinci fəslində Kiçik Qafqazda mövcud tədqiqatlar təhlil olunmuş, geoloji-geomorfoloji quruluş, faydalı qazıntılar, iqlim və torpaq-bitki örtüyü haqqında ətraflı məlumat verilib. Sonrakı fəsillərdə isə ilk dəfə olaraq ərazidə baş verən dinamik proseslərin və relyefin morfometrik xüsusiyyətlərinin ekogeomorfoloji şəraitə təsiri qiymətləndirilib. Nəticədə müasir metodlardan istifadə etməklə Kiçik Qafqazın ekogeomorfoloji rayonlaşdırılması aparılıb.

    Monoqrafiya geomorfologiya, geologiya, landşaftşünaslıq və ekogeomorfoloji qiymətləndirmə sahəsində çalışan mütəxəssislər, eləcə də geomorfologiya ixtisası üzrə ali təhsil alan magistr və doktorantlar üçün nəzərdə tutulmuşdur.