26 yanvar tarixində AR Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu PHŞ-nin Elmi Şurasının iclası keçirilib. İclas İnstitutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmraninin sədrliyi ilə baş tutub.
İclasda gündəlikdə duran məsələlər barədə Elmi Şura üzvlərinə ətraflı məlumat verilib, müzakirələr aparılıb. İlk olaraq 29 nəfər Şura üzvü seçilərək təsdiq olunub. Gündəlikdə əsas yer tutan məsələlərdən biri institutda birləşmə nəticəsində formalaşdırılmış laboratoriyaların elmi mövzularının müzakirəsi olub. Birləşmiş laboratoriyaların təqdim etdiyi elmi mövzular Elmi Şura üzvləri tərəfindən dinlənilib, müzakirə edilib və müvafiq təkliflər səsləndirilib. Qərara alınıb ki, laboratoriya rəhbərləri ilə birgə müzakirə olunmuş elmi mövzuların yekun variantı təsdiq üçün institut rəhbərliyinə təqdim edilsin.
İclas çərçivəsində AMEA-nın müxbir üzvü R.H. Qardaşovun 70 illik yubileyi münasibətilə təbrik mərasimi də keçirilib. Zaur İmrani və institutun kollektivi yubilyarı səmimi təbrik edərək ona elmi fəaliyyətində uğurlar arzulayıblar.
Eyni zamanda, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF-13) Azərbaycanda keçirilməsi ilə bağlı planlaşdırılan tədbirlər müzakirə olunub. Bu istiqamətdə Coğrafiya İnstitutunun görəcəyi işlər və mümkün elmi töhfələr diqqətə çatdırılıb.
İclasın sonunda Elmi Şura üzvlərinə Coğrafiya İnstitutunda növbəti 6 ay ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı təqdim edilib, plan ətrafında fikir mübadiləsi aparılıb və müvafiq tövsiyələr verilib.