Coğrafiya İnstitutunda “Yaşıl İqtisadiyyat və Şəhər Təsərrüfatı” mövzusunda təqdimat keçirilmişdir və bu təqdimatda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun “Geosiyasət və iqtisadi coğrafiya” laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Paşayev Nəriman “Yaşıl iqtisadiyyatın şəhər təsərrüfatına təsirinin coğrafi aspektləri” mövzusunda çıxış etmişdir.
Çıxış zamanı Yaşıl və Mavi iqtisadiyyatın mahiyyəti, onların qəhvəyi iqtisadiyyatdan nə ilə fərqləndikləri, Yaşıl İqtisadiyyatın şəhər təsərrüfatında tətbiqi imkanları və coğrafi xüsusiyyətləri geniş şəkildə izah edilib. Bildirilib ki, Yaşıl İqtisadiyyat təbii resurslardan səmərəli istifadə, karbon emissiyalarının azaldılması və sosial rifahın yüksəldilməsinə əsaslanan inkişaf modelidir və bu yanaşma yalnız texnoloji yenilikləri deyil, eyni zamanda idarəetmə və həyat tərzində fundamental dəyişiklikləri nəzərdə tutmaqdadır.
Alim qeyd edib ki, yaşıl şəhər konsepsiyası sıfır tullantı, aşağı karbon emissiyası və bərpa olunan enerji prinsiplərinə əsaslanaraq ekoloji tarazlığın və sosial rifahın gücləndirilməsinə xidmət edir. Bundan əlavə, alim Azərbaycanda yaşıl şəhər konsepsiyalarının tətbiq imkanlarını araşdırmış və xüsusilə bərpa və yenidənqurma mərhələsində olan Şuşa və Ağdam şəhərlərində yaşıl şəhər infrastrukturunun formalaşdırılmaqda olduğu barədə çıxış etmişdir.
Nəriman Paşayev dünya şəhərlərinin iqlim və məkan xüsusiyyətlərinə uyğun planlaşdırılmasının, bərpa olunan enerjiyə keçidin, tullantıların təkrar emalının və su ehtiyatlarından səmərəli istifadənin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, bu yanaşmalar şəhər biomüxtəlifliyinin qorunmasına, ekomobilliyin inkişafına və icma əsaslı idarəetmənin güclənməsinə imkan yaradaraq şəhərlərin daha dayanıqlı və yaşana bilən olmasına şərait yaradır. Təqdimatın sonunda mövzuya dair nəticə və təkliflərlə də çıxış edilmiş, ardından kollektivdən bu mövzuda gələn suallar cavablandırılmışdır.