Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə İnstitutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani açıb.
Tədbirdə qonaq qismində Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi analitik Rizvan Hüseynov iştirak edib. Tarixçi alim “Formalaşan yeni dünya düzənində bizim region və Azərbaycanın rolu” mövzusunda məruzə ilə çıxış edib.Çıxış zamanı dünyada baş verən geosiyasi dəyişikliklər, beynəlxalq münasibətlər sistemində gedən proseslər və Cənubi Qafqaz regionunun artan strateji əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan yeni dünya düzənində siyasi və iqtisadi baxımdan mühüm mövqeyə malikdir və ölkənin balanslaşdırılmış xarici siyasəti regional sabitliyə töhfə verir.
Məruzədən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən suallar cavablandırılıb, iştirakçıları maraqlandıran aktual məsələlər müzakirə olunub. Daha sonra İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək tarixçi alimə maraqlı və məzmunlu məruzəsinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Rizvan Hüseynov tərəfindən rus və ingilis dillərində təqdim olunan “Azərbaycan və Qafqazda erməni məsələsi” kitabı institut əməkdaşlarının diqqətinə çatdırılıb.Qeyd olunub ki, kitab uzun illər aparılan elmi polemika və müzakirələrə, 400-dən çox mənbəyə əsaslanaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına və tarixi-mədəni irsin mənimsənilməsi cəhdlərinə elmi cavab kimi ərsəyə gəlib.