Səbaildə Badamdar şossesi ərazisində sürüşmə yenidən aktivləşdi Fev 18, 2026 | 03:02 / MÜHÜM HADİSƏLƏR

     Səbail rayonunun Badamdar şossesi ərazisində sürüşmə təhlükəsi yenidən aktuallaşıb. Coğrafiya İnstitutunun “Geomorfologiya və paleocoğrafiya” laboratoriyasının əməkdaşları, coğrafiya elmləri doktoru, dosent Stara Tarixazər və aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Ceyhun Qasımov ərazidə monitorinq aparıblar. Son illərdə ərazidə bir neçə sürüşmə hadisəsi baş verib: 2014-cü ildə bir fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb və hasar uçub, 2015-ci ildə avtomobil hərəkəti məhdudlaşdırılıb, 2016-cı ilin fevralında yol örtüyündə 50–60 metr uzunluğunda və 7–8 metr enində çökmə baş verib, 2016-cı ilin dekabrı və 2018-ci ilin may-oktyabrında 11 fərdi yaşayış evi uçqun təhlükəsi altında qalıb, 2020-ci ildə torpaq kütləsi Badamdar yoluna doğru hərəkət edib və nəqliyyat məhdudlaşdırılıb, 2021-ci ildə isə sürüşmə “Reyhan” restoranını dağıdıb.Ekspertlərin bildirdiyinə görə, yamacın litoloji tərkibi əhəngdaşları, qumlar və qumlu gillərdən ibarətdir. Bəzi sahələrdə yamacın meyilliyi 60°-dən çoxdur. Sürüşmələrin əsas səbəbləri arasında yamacın kəsilməsi və yuxarı hissədə yerləşən yaşayış evlərindən axan köhnəlmiş kanalizasiya sularının sızması göstərilir. Eyni zamanda, son günlərdə müşahidə olunan intensiv yağıntılar – həm yağış, həm də sulu qar – sürüşmənin aktivləşməsində mühüm rol oynayıb.