Fevralın 17-də İnkişaf və Diplomatiya İnstitutunun (IDD) təşəbbüsü ilə “Xəzərin fövqəladə vəziyyəti: səbəblər, nəticələr və həll yolları” (“Caspian Emergency: Causes, Consequences and Solutions”) mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikasındakı Qazaxıstan Respublikasının Səfirliyi, CECECO və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Müzakirələr ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə baş tutub. Tədbirdə Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alim Bayel, eləcə də hər iki ölkədən ekspertlər və rəsmi şəxslər iştirak ediblər. Tədbirdə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani və İnstitutun Beynəlxalq əməkdaşlıq sektorunun müdiri, c.ü.f.d. Elnur Səfərov da iştirak edib. Zaur İmrani Xəzər dənizinin su səviyyəsinin son 30 ildə enmə mərhələsində olduğunu bildirib və bunun əsas səbəbi kimi dənizin su balansı elementlərinin dəyişməsini vurğulayıb. Bu proses nəticəsində və həmçinin antropogem fəaliyyətin xeyli artması dəniz səviyyəsinin ildə orta hesabla 10-20 sm düşməsini qeyd edib. Elnur Səfərov Xəzər dənizi ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsini, dənizim çirklənməsinin səbəblərini və çirkləndiricilərin sirkulyasıya modelini iştirakçılara təqdim edib.
Dəyirmi masada Xəzər regionunda müşahidə olunan ekoloji və iqtisadi problemlər geniş müzakirə olunub. Xüsusilə dəniz səviyyəsinin enməsi, suyun çirklənməsi, bioloji resursların tükənməsi və iqlim dəyişikliklərinin təsirləri diqqət mərkəzində olub. Çıxışlarda vurğulanıb ki, Xəzər dənizi regional əlaqəlilik, enerji təhlükəsizliyi və biomüxtəliflik baxımından strateji əhəmiyyətə malikdir. Bildirilib ki, artan ekoloji dəyişikliklər artıq yalnız regional deyil, daha geniş geosiyasi və təhlükəsizlik kontekstində qiymətləndirilməlidir.
İştirakçılar problemin həllinin elmi əsaslı yanaşma və çoxtərəfli əməkdaşlıqdan keçdiyini qeyd edərək, Xəzəryanı ölkələr arasında koordinasiyalı fəaliyyətin və məlumat mübadiləsinin vacibliyini xüsusi vurğulayıblar.