AR ETN Coğrafiya İnstitutunda “Azərbaycan Qadınlarının Qəhrəmanlıq Salnaməsi” adlı tədbir keçirilib Fev 19, 2026 | 04:02 / TƏDBİRLƏR

      Bu gün AR ETN Coğrafiya İnstitutunda “Azərbaycan Qadınlarının Qəhrəmanlıq Salnaməsi” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun direktoru vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani açaraq Azərbaycan qadınının cəmiyyətimizin inkişafında, elmi və ictimai həyatında oynadığı mühüm roldan bəhs edib. O bildirib ki, tarix boyu qadınlarımız həm milli-mənəvi dəyərlərimizin qorunmasında, həm də ölkəmizin tərəqqisində xüsusi xidmətlər göstəriblər.

      Daha sonra İnstitutun Qadınlar Şurasının sədri, c.ü.f.d. Solmaz Rzayeva “Azərbaycan qadınlarının qəhrəmanlıq salnaməsi” mövzusunda təqdimatla çıxış edib. O, qadınlarımızın müxtəlif dövrlərdə göstərdikləri şücaət və fədakarlıqlardan danışaraq onların elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə qazandıqları uğurları diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tənzilə xanım Rüstəmxanlı çıxış edərək vurğulayıb ki, Azərbaycan qadını hər zaman ailəsinə, elinə-obasına, vətəninə və dövlətinə bağlı, milli dəyərlərə sadiq olub:“Elə qadınlarımız olub ki, tarix boyu ölkəmizin inkişafında mühüm rol oynayıblar, milli dəyərləri qoruyub yaşadıblar”.Deputat xüsusilə qadınların elmdə roluna toxunaraq onların innovativ düşüncə tərzi, analitik yanaşması və yüksək məsuliyyət hissi ilə seçildiklərini bildirib. Qeyd edib ki, qadın alimlər yalnız elmi nəticələrlə deyil, həm də mənəvi dəyərlərin, milli kimliyin və vətənpərvərlik ruhunun gənc nəslə aşılanmasında mühüm missiya daşıyırlar. Onların fəaliyyəti cəmiyyətin intellektual inkişafına, sosial rifahın yüksəlməsinə və dövlətimizin dayanıqlı tərəqqisinə xidmət edir

       Tədbirdə 11 fevral – Beynəlxalq Qadınlar və Qızlar Elmdə Gününün qadın və qızların elmdə iştirakının artırılması, onların elmi potensialının dəstəklənməsi və cəmiyyətdə layiqli yer tutmasının təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, Azərbaycan qadınları tarixən elmə, təhsilə və maarifçiliyə böyük töhfələr verərək milli intellektual potensialın formalaşmasında mühüm rol oynayıblar. Onlar müxtəlif elmi istiqamətlərdə fundamental tədqiqatlar apararaq ölkəmizin elmi nüfuzunun yüksəlməsinə xidmət ediblər. Bu gün də qadın alimlər innovativ layihələrdə, beynəlxalq proqramlarda və mühüm araşdırmalarda fəal iştirak edir, gənc nəslin elmi dünyagörüşünün formalaşmasına töhfə verirlər.

Eyni zamanda fevral ayının xalqımızın yaddaşında dərin iz buraxmış 14 fevral – Murovdağ faciəsi və 26 fevral – Xocalı soyqırımı kimi faciəli tarixlərlə bağlı olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu ağır günlərdə Azərbaycan qadını həm ana, həm vətəndaş, həm də vətənpərvər bir şəxsiyyət kimi böyük fədakarlıq və mətanət nümayiş etdirib. Xüsusilə Xocalı soyqırımı zamanı qadınlarımızın üzləşdiyi ağrılar, eyni zamanda göstərdikləri iradə və dözüm onların qəhrəmanlıq salnaməsinin unudulmaz səhifələrindəndir. Murovdağ faciəsində şəhid analarının, həyat yoldaşlarının və bacılarının nümayiş etdirdiyi səbir və qürur Azərbaycan qadınının mənəvi gücünün parlaq təcəssümüdür.

      Tədbirdə həmçinin AMEA Qadınlar Şurası sədr müavini, biologiya elmləri doktoru Tubuxanım Qasımzadə çıxış edərək qadın alimlərin elmi nailiyyətlərindən danışıb, onların beynəlxalq səviyyədə qazandıqları uğurları vurğulayıb. Şuranın digər sədr müavini Mahrux Nəcəfli də çıxışında qadınların ictimai və elmi fəaliyyətdə artan rolundan söz açıb.

    Çıxışlarda qeyd olunub ki, ən çətin və sınaqlı dövrlərdə belə Azərbaycan qadını ailəsini, övladını və Vətənini qorumaq naminə böyük əzmkarlıq göstərib. Qadınlarımız həm ön cəbhədə, həm də arxa cəbhədə xalqımızın birliyi və dövlətimizin möhkəmlənməsi naminə misilsiz xidmətlər göstərərək qəhrəmanlıq salnaməmizə şanlı səhifələr yazıblar.