İqlim müşahidə altındadır-Elmi tədqiqatlar ekoloji risklərin proqnozlaşdırılmasına necə kömək edir Fev 20, 2026 | 02:02 / MÜSAHİBƏLƏR

    Xəzər dənizinin suyunun azalması, geniş ərazilərin səhralaşması, Böyük Qafqazda buzlaqların sürətlə əriməsi – bunlar ayrı-ayrı təbii anomaliyalar və ya təsadüfi fəlakətlər deyil, sistemli iqlim və ekoloji proseslərin təzahürüdür. Onlar qlobal istiləşmə, yağıntı rejiminin dəyişməsi, orta illik temperaturun yüksəlməsi və insan təsirinin güclənməsi nəticəsində formalaşır.

    Bu cür tendensiyalar elmi analizə və proqnozlaşdırmaya açıqdır. Müasir iqlim modelləşdirməsi, hidrologiya monitorinqi və süni peyk müşahidələri Xəzərin səviyyəsinin dəyişmə ssenarilərini hesablamağa, torpaq deqradasiyası risklərini qiymətləndirməyə və Qafqazdakı buzlaqların həcminin azalmasını proqnozlaşdırmağa imkan verir. Suallar ondan ibarət deyil ki, dəyişikliklər baş verirmi, sual ondan ibarətdir ki, region ölkələri iqtisadi və ekoloji siyasətlərini bu yeni reallıqlara nə qədər vaxtında uyğunlaşdıracaq.

Süni peyk şəkilləri və “ağıllı xəritələr” vasitəsilə alimlərin iqlim dəyişikliklərinə uyğunlaşmağa necə kömək etdiyini və digər mövzuları müzakirə etdikcə, Coğrafiya İnstitutunun “Geoməkan Analitikası və Kartoqrafiya” laboratoriyasının rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Natavan Cəfərova ilə danışdıq.

 - Laboratoriyanız nə ilə məşğuldur və onun fəaliyyəti ölkəyə necə fayda verir?

Biz məkan məlumatları, kartoqrafik materiallar, süni peyk şəkilləri, relyef modelləri, iqlim və ekoloji göstəricilərlə işləyirik. Əsas fəaliyyət istiqamətləri – geoməkan analitikası, coğrafi informasiya sistemləri (CİS), məsafədən zondlama və kartoqrafiyadır. Tədqiqatlarımız məkan məlumatlarının toplanması, işlənməsi, analizi və vizuallaşdırılması, həmçinin tematik və analitik xəritələrin hazırlanmasına yönəlib. Elmi fəaliyyətimiz prioritet sahələri əhatə edir: təbii resursların idarə olunması, ekoloji risklərin qiymətləndirilməsi, landşaft dəyişikliklərinin monitorinqi və davamlı ərazi planlaşdırması. Nəticələr xəritə məhsulları, məkan modelləri və elmi hesabatlar şəklində təqdim olunur.

Xüsusilə vurğulamaq istəyirəm ki, biz yalnız xəritələr hazırlamırıq, həm də geniş məlumat bazası toplayırıq, hansı ki, müxtəlif sahələrin mütəxəssisləri daşqın, quraqlıq və ekoloji risklərin proqnozlaşdırılmasında istifadə edə bilərlər.

- Laboratoriyanız hansı beynəlxalq layihələrdə iştirak edir?

Biz beynəlxalq elmi şəbəkələr, təşəbbüslər və ərazi monitorinqi və iqlim adaptasiyası ilə bağlı təşkilatlarla tərəfdaşlıq münasibətləri qurmuşuq, o cümlədən dağ ekosistemləri və sərhədlərarası su əməkdaşlığı platformaları. İnstitutumuz UNEP, FAO, UN Women, GEO Mountain, Gürcüstan Cografiya İnstitutu ilə , Mountains ADAPT kimi təşkilatlarla əməkdaşlıq edir.

Beynəlxalq əməkdaşlıq iqlim məsələlərində xüsusilə vacibdir, çünki təbii proseslərin sərhədi yoxdur. Bu baxımdan regional əməkdaşlıq ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Məsələn, Böyük Qafqaz ekosistemi bir neçə ölkənin su resurslarını, iqlim şəraitini və təbii riskləri müəyyən edir. Bir ölkədə qar örtüyü, çay rejimi və ya ekstremal hadisələrin artması qonşu ərazilərə təsir göstərir. Bu səbəbdən monitorinqin koordinasiyası, elmi məlumat mübadiləsi və metodikaların birgə hazırlanması baş verən proseslər haqqında tam təsəvvür formalaşdırmağa imkan verir. Beynəlxalq və regional qrant layihələrində iştirak uzunmüddətli təbii risklərin idarə olunması üçün önəmlidir.

- Hansı ekoloji problemlər ən çox narahatlıq doğurur və məkan məlumatlarının rolu nədir?

Birincisi, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, hansı ki, sahil ekosistemlərinə, infrastruktura və iqtisadi fəaliyyətə təsir göstərir. İkincisi, Abşeron, Kür-Araz aşağı düzənliklərində quraqlığın və torpaq deqradasiyasının artması. Səhralaşma, torpağın tükənməsi və bitki örtüyünün azalması prosesi güclənir. Üçüncüsü, Böyük Qafqaz dağlarında çayların hidrologiya rejimində dəyişiklik və qar örtüyünün azalması, ölkənin su ehtiyatlarına birbaşa təsir göstərir.

Məsələn, Şahtaxtı sahilində son illərdə sahil xətləri 100–200 metrdən çox geri çəkilib. Suyun azalması sahil ekosistemlərinin pozulmasına, duzluluğun dəyişməsinə və yumurtlama sahələrinin deqradasiyasına səbəb olur. Peyk monitorinqi burada vacibdir, çünki dəyişiklikləri mütəmadi izləməyə, dinamikasını müqayisə etməyə və suyun geri çəkilmə sürətini qiymətləndirməyə imkan verir. Uzaq və çətin ərazilər üçün bu ən etibarlı sistemli nəzarət vasitəsidir.

2024-cü ilin oktyabrında Bakı və Abşeron yarımadasında yağıntı nəticəsində ciddi ekoloji fəlakət baş verdi. İki gün ərzində yağıntı səviyyəsi 86 mm-ə çatdı – aylıq normanın 300%-dən çoxu. Bu, küçələrin, evlərin, ictimai binaların və nəqliyyat infrastrukturunun geniş miqyasda su altında qalmasına səbəb oldu.

Belə ssenarilər üçün uzunmüddətli monitorinq və analiz vacibdir – məkan məlumatları və modellər vasitəsilə yüksək riskli sahələr müəyyən edilə, drenaj sistemlərinin yüklənməsi proqnozlaşdırıla və idarəetmə orqanlarına erkən xəbərdarlıq sistemi planlaşdırmağa kömək edilə bilər.

Şəhərlərin intensiv inkişafı, xüsusilə Bakıda, əlavə ekoloji risk yaradır: sıx tikinti, yaşıllığın azalması və nəqliyyat yükünün artması “istilik adası” effektini gücləndirir, infrastrukturun yükünü artırır. Bütün bunlar göstərir ki, dəyişikliklər uzunmüddətli xarakter daşıyır və kompleks elmi monitorinq və strateji ərazi planlaşdırması tələb edir.

- Məkan-geoqrafik dəyişikliklər əhalinin həyat keyfiyyətinə necə təsir edir?

Onlar insanların gündəlik həyatına birbaşa təsir göstərir: içməli suyun keyfiyyəti, ərzaq təhlükəsizliyi, infrastruktur və əhalinin sağlamlığı.

Xəzərin səviyyəsinin aşağı düşməsi sahil zonalarında məşğulluğa və ekosistemlərin vəziyyətinə təsir göstərir. Quraqlığın artması və çay rejiminin dəyişməsi kənd təsərrüfatına və su təchizatına təsir edir. Ekstremal yağıntılar şəhər infrastrukturuna, nəqliyyat və əhalinin təhlükəsizliyinə təhdid yaradır.

Beləliklə, geoqrafik mühitdə dəyişikliklər abstrakt proseslər deyil, yaşayışın rahatlığı, dayanıqlığı və təhlükəsizlik səviyyəsini birbaşa müəyyən edən amillərdir. Sistemli məkan analizi riskli sahələri əvvəlcədən müəyyən etməyə və daha düzgün ərazi planlaşdırmasına kömək edir.

- Xəzərin suyunun azalması barədə ətraflı məlumat verə bilərsinizmi?

Xəzər dənizi tarixən su səviyyəsinin dəyişkənliyi ilə seçilir. Müxtəlif onilliklərdə həm suyun yüksəlməsi, həm də əhəmiyyətli dərəcədə azalması müşahidə olunub. Buna görə də ictimai və elmi dairələrdə fərqli çağırışlar səslənib: əvvəl “Xəzərdən qorunmalıyıq”, sonra isə “Xəzəri xilas etməliyik”. Bu Xəzərin iqlim və hidrologiya dəyişikliklərinə həssas, dinamik sistem olduğunu göstərir və sahil ərazilərinin davamlı elmi monitorinq və ağıllı idarəçiliyi tələb edir.

Xəzər məsələləri mütəxəssislər və xüsusi bölmələr tərəfindən tədqiq olunur. Akademik Ramiz Məmmədovun hidroloji və ekoloji tədqiqatları xüsusilə əhəmiyyətlidir. Bizim laboratoriya isə məkan dəyişikliklərini və onların ərazi təsirlərini analiz edir.

- İqlim dəyişiklikləri kənd təsərrüfatına, o cümlədən Azərbaycana necə təsir edir?

Temperatur və yağıntı rejiminin dəyişməsi məhsuldarlığa birbaşa təsir göstərir. Quraqlıq və torpaq deqradasiyası riski artır.

Bir tərəfdən, temperaturun yüksəlməsi və quraqlığın artması su çatışmazlığını gücləndirir, torpağın deqradasiyasına səbəb olur və ənənəvi əkinlərin məhsuldarlığını azaldır, xüsusilə Kür-Araz düzənliyi, Naxçıvan və Abşeronda. Su buxarlanmasının artması və yağıntıların qeyri-bərabər paylanması əkinlərin planlaşdırılmasını çətinləşdirir və su resurslarının səmərəli idarə olunmasını tələb edir.

Digər tərəfdən, bəzi dağlıq və dağətəyi bölgələrdə – məsələn, Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Daşkəsən iqtisadi rayonlarında – vegetasiya dövrü uzanır. Bu, daha isti bitkilərin yetişdirilməsi və bağçılıq, üzümçülük məhsuldarlığının artırılması imkanları yaradır.

Kənd təsərrüfatı iqlim dəyişikliyinə uyğun yeni texnologiyaların – damcı suvarma sistemləri, quraqlığa davamlı sortlar, rəqəmsal aqro-monitorinq, süni peyk məlumatları ilə əkin vəziyyətinin qiymətləndirilməsi – tətbiqini tələb edir. Məkan analitikası risk zonalarını müəyyən etməyə, məhsuldarlığı proqnozlaşdırmağa və idarəetmə qərarlarını dəstəkləməyə kömək edir.

Beləliklə, iqlim dəyişiklikləri həm çətinliklər, həm də yeni imkanlar yaradır və kənd təsərrüfatının effektivliyi elmi əsaslı adaptasiya və müasir texnologiyalardan asılıdır.

- Hansı bölgələr səhralaşmaya daha çox məruz qalır?

Ən çox risk daşıyan arid və yarı-arid ərazilərdir: Kür-Araz aşağı düzənliyi – Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları; Naxçıvan Muxtar Respublikası; Abşeron yarımadası. Həmçinin Mil və Muğan düzənlərində otlaqların deqradasiyası və bitki örtüyünün azalması müşahidə olunur.

Buna səbəb temperaturun yüksəlməsi, effektiv yağıntıların azalması, su resurslarının səmərəsiz istifadəsi və həddindən artıq otlaqdır. Peyk monitorinqi və bitki örtüyü indekslərinin analizi deqradasiya ocaqlarını müəyyən etməyə, biomassa azalma dinamikasını izləməyə və vulnerabl sahələrin xəritəsini hazırlamağa imkan verir.

Tədqiqatlarınız şəhərlərin inkişafına necə kömək edir?

Məkan strukturu, əhali sıxlığı, nəqliyyat yükü, yaşıllıq və mikroiqlim analizləri ilə real fayda gətirə bilərik. CİS və peyk məlumatları vasitəsilə istilik zonaları, yaşıllıq çatışmazlığı, potensial su basması və sürüşmə riski olan ərazilər müəyyən edilə bilər. Bu, urban-planning üçün vacibdir – şəhər inkişafı elmi əsaslı məkan hesablamalarına söykənməlidir.

2026-cı ilin mayında Bakıda 13-cü Dünya Şəhər Forumunun (World Urban Forum 13, WUF13) sessiyası keçiriləcək. Forum UN-Habitat tərəfindən təşkil olunacaq və minlərlə iştirakçını – hökumət nümayəndələri, urbanistlər, biznes, akademik və vətəndaş cəmiyyəti təmsilçilərini – bir araya gətirəcək. Geografiya İnstitutu iqlim adaptasiyası və davamlı şəhər inkişafı mövzularında fəal iştirak edəcək.

- 20–30 il sonra Azərbaycanı necə görürsünüz?

Mən onu daha davamlı, firavan və strateji güclü ölkə kimi görürəm. Regionda sülh bərqərar olub, bu da inkişaf üçün yeni imkanlar yaradır. Xüsusilə Qarabağ bölgəsinin bərpası və inkişafı iqtisadi, təbii və strateji potensiala malikdir. Bu ərazilərin rasional istifadə edilməsi uzunmüddətli inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilə bilər.

Eyni zamanda, davamlı gələcək elm olmadan mümkün deyil. Kənd təsərrüfatı, şəhərlər və təbii resursların idarə olunması elmi tədqiqatlara və obyektiv məlumatlara əsaslanmalıdır. Məkan məlumatlarının toplanması və təhlilinə maliyyə dəstəyi artırılmalıdır. Belə analiz prosesləri dinamikanı görməyə, riskləri qiymətləndirməyə və onilliklər üçün inkişafı planlaşdırmağa imkan verir.

Mənim gələcəyə baxışım belədir: güclü ölkə – sülh, bilik və elm üzərində inkişaf edən ölkədir.