Coğrafiya İnstitutunda gənc mütəxəssislər üçün ingilis dilində seminar keçirilib Fev 27, 2026 | 10:02 / ELMİ İCLASLAR

AR ETN Coğrafiya İnstitutunda Gənc mütəxəssislər arasında dil biliklərini artırmaq məqsədi ilə ingilis dilində seminar təşkil olunub. Seminar Torpaq Ekologiyası laboratoriyasının elmi işçisi, b.ü.f.d., dosent Ülviyyə Məmmədovanın sədrliyi ilə keçirilib. O, ingilis dilində təşkil olunan seminarın əhəmiyyətindən bəhs edərək, gənc alim və doktorantların beynəlxalq elmi mühitə inteqrasiyasının vacibliyini vurğulayıb.

Seminarda institutun müxtəlif laboratoriya və şöbələrinin gənc əməkdaşları aktual mövzular üzrə məruzələrlə çıxış ediblər. Coğrafi ekologiya laboratoriyasının əməkdaşı Nigar Mehdiyeva “Landşaft ekologiyası və ətraf mühitin qiymətləndirilməsində coğrafi proseslərin rolu” mövzusunda məruzə edib. Təqdimatda landşaftların ekoloji qiymətləndirilməsi və antropogen təsirlər məsələləri işıqlandırılıb.

İqlimşünaslıq laboratoriyasının doktorantı Aynurə Əhmədova “İqlim dəyişikliyi və onun ətraf mühitə təsirləri” mövzusunda çıxış edərək qlobal iqlim dəyişikliklərinin regional təsirlərini diqqətə çatdırıb.

Torpaqların genezisi və coğrafiyası laboratoriyasının doktorantı Yüzbaşova Nuranə “Dağ-qəhvəyi torpaqlar: yayılma coğrafiyası və ekoloji təhlil (Azərbaycan)” mövzusunda araşdırma nəticələrini təqdim edib.

Torpaq ekologiyası laboratoriyasının əməkdaşı, b.ü.f.d., dosent Afaq Rzayeva “Fragaria spp.: bioloji xüsusiyyətləri, becərilmə texnologiyası və qida əhəmiyyəti” mövzusunda təqdimat edib. Məruzədə çiyələk növlərinin bioloji xüsusiyyətləri, becərilmə texnologiyası və qida dəyəri barədə ətraflı məlumat verilib.

Xəzər dənizinin coğrafiyası laboratoriyasının əməkdaşı Aygün Əhmədova isə “Xəzər dənizinin coğrafiyası: məkan xüsusiyyətləri, ekoloji dinamika və regional əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Seminar çərçivəsində məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Tədbirin sonunda belə seminarların davamlı olaraq keçirilməsinin vacibliyi qeyd olunub.