AR ETN Coğrafiya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib Mart 05, 2026 | 02:03 / TƏDBİRLƏR

      Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi-nin tabeliyində fəaliyyət göstərən Coğrafiya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani institutda çalışan xanımları bayram münasibətilə səmimi qəlbdən təbrik edib. O, Azərbaycan qadınının cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edərək bildirib ki, bu gün ölkəmizdə qadınlar elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlər qazanırlar. Zaur İmrani institutda çalışan xanım əməkdaşların da elmi fəaliyyətə verdikləri töhfələri xüsusi vurğulayıb, onların zəhmətini yüksək qiymətləndirərək hər birinə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıb.

    Daha sonra İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək bildirib ki, Azərbaycan qadını hər zaman öz zəhməti, intellekti və yüksək mənəvi dəyərləri ilə cəmiyyətin inkişafına töhfə verib. O qeyd edib ki, qadınlar ölkənin ictimai həyatında, eləcə də sosial, iqtisadi, siyasi, elmi və mədəni proseslərdə fəal iştirak edirlər. Kamran Ramazanlı institutda çalışan xanımların elmi fəaliyyətə və kollektivin inkişafına verdikləri töhfələri yüksək qiymətləndirərək onları səmimi qəlbdən təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

   Tədbirdə çıxış edən İnstitutun Qadınlar Şurasının sədri, c.ü.f.d. Solmaz Rzayeva da xanımları bayram münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan cəmiyyətində qadınların fəallığı qürurverici haldır və ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolu ildən-ilə daha da artır. Solmaz Rzayeva qeyd edib ki, qadınlar həm ailədə, həm də cəmiyyət həyatında böyük məsuliyyət daşıyır və bu məsuliyyəti layiqincə yerinə yetirirlər.

     Daha sonra Yeni Azərbaycan Partiyasının Yasamal rayonu üzrə Coğrafiya İnstitutu ərazi partiya təşkilatının sədr müavini Məhbubə Fətullayeva çıxış edərək xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib.O, qadınlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

     Tədbirin sonunda institutun ictimai və elmi həyatında fəal iştirak edən bir qrup xanım əməkdaşa 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Fəxri Fərman təqdim olunub.

     Sonda İnstitutun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə kollektivdə çalışan xanımlara bayram hədiyyələri təqdim edilib. Tədbir səmimi və xoş əhval-ruhiyyə şəraitində başa çatıb.