04 mart tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclas institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmraninin sədrliyi ilə təşkil olunub.
İclasın əvvəlində gündəlikdə duran məsələlər barədə Elmi Şura üzvlərinə ətraflı məlumat verilib. Gündəlikdəki ilk məsələ olaraq “Coğrafiya və Aqrar İnnovasiya” adlı yeni təqdim olunan jurnalın adı və struktur bölmələri geniş müzakirə olunub. Müzakirələr zamanı jurnalın elmi istiqamətləri, bölmələrinin aktuallığı və tədqiqat sahələri ilə bağlı Elmi Şura üzvləri tərəfindən müxtəlif təklif və rəylər səsləndirilib. Sonda jurnalın adı və struktur bölmələrinin qəbul edilməsi qərara alınıb.
Şurada növbəti məsələ olaraq “Geoməkan analitikası və kartoqrafiya” laboratoriyası tərəfindən “Xəritə hazırlanması üçün müraciət anketi” müzakirəyə çıxarılıb. Təklif olunan anket forması və onun strukturu Elmi Şura üzvləri tərəfindən nəzərdən keçirilib.
Daha sonra Elmi Şurada AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Qardaşov “Yaşıl enerji kontekstində şəhər mühiti” mövzusunda məruzə ilə çıxış edib. O, yaşıl enerji konsepsiyasının müasir şəhərlərin dayanıqlı inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, bərpa olunan enerji mənbələrinin tətbiqi şəhərlərdə karbon emissiyalarının azalmasına, atmosfer havasının keyfiyyətinin yaxşılaşmasına və enerji səmərəliliyinin artmasına şərait yaradır. Eyni zamanda, bu yanaşma şəhər infrastrukturunun daha dayanıqlı və ekoloji cəhətdən balanslı şəkildə formalaşmasına imkan verir. Məruzədə şəhər mühitində bərpa olunan enerji mənbələrinin tətbiqinin perspektiv istiqamətləri də qeyd olunub. Günəş və külək enerjisindən istifadə, enerji səmərəli binaların tikilməsi, “ağıllı şəhər” texnologiyalarının tətbiqi, alternativ və ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin inkişafı bu istiqamətdə prioritet sahələr kimi qiymətləndirilib. Elmi Şura üzvləri tərəfindən mövzu yüksək qiymətləndirilib və bildirilib ki, təqdim olunan istiqamət dövlət proqramlarının tələblərinə uyğun olmaqla yanaşı, böyük praktik əhəmiyyətə malikdir.
Həmçinin iclasda aqrar elmlər doktoru, dosent Mustafa Mustafayev “Aqrar sektorda və resursların idarə olunmasında süni intellekt” mövzusunda çıxış edib. Mövzu ətrafında Şurada geniş müzakirələr aparılıb və qərar qəbul olunub ki, mövzu aktualdır, lakin nəzəri əhəmiyyət kəsb edir.