Bakıda güclü yağintılar sürüşmələri yenidən aktivləşdirdi Mart 31, 2026 | 10:03 / MÜHÜM HADİSƏLƏR

2026-cı il martın 27–28-də yağan bol atmosfer yağıntıları Bakı şəhərində sürüşmələrin aktivləşməsinə səbəb olmuşdur. AR ETN Coğrafiya İnstitutunun “Geomorfologiya və paleocoğrafiya” laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Stara Tarixazər Badamdarda 20-ci sahədə baş vermiş sürüşməyə monitorinq aparmışdır və nəticədə dayaq divarının dağıldığı müəyyən edilmişdir. Torpaq kütləsi iki avtomobil sahibinə ziyan vurmuşdur.

Son illərdə Səbail rayonunun 20-ci sahəsində sürüşmələr 2014-cü ilin aprelində, 2015-ci ilin mayında, 2016-cı ilin fevral və dekabr aylarında, 2018-ci ilin oktyabrında, 2020-ci ilin fevral və noyabr aylarında, 2021-ci ilin yanvar və mart aylarında, həmçinin 2026-cı ilin fevralında müşahidə olunmuşdur. Sürüşmə kütlələri yol örtüyünə doğru hərəkət etmiş, nəticədə nəqliyyatın hərəkəti məhdudlaşmış, ictimai iaşə obyektlərinə və yaşayış sahələrinə ziyan dəymişdir. Asfalt örtüyündə çoxsaylı çatlar qeydə alınmışdır.

Sürüşmə həmçinin Bibiheybət qəbiristanlığının yerləşdiyi yamacda da aktivləşmişdir. Torpaq kütləsi dayaq divarını dağıdaraq avtomobil yoluna enmişdir. Burada ən iri sürüşmə 25 noyabr 2019-cu ildə baş vermiş, uzunluğu 300 m olmuşdur. Yol örtüyü dağılmış və bir şəxsi avtomobil sahibinə ziyan dəymişdir.