AR ETN Coğrafiya İnstitutunda 31 Mart Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib Mart 31, 2026 | 12:03 / TƏDBİRLƏR

31 mart tarixində AR ETN Coğrafiya İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri təşkil olunub. Tədbirin əvvəlində soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra faciəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan İnstitut direktorunun vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani çıxışında bildirib ki, 31 Mart soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş ən qanlı faciələrdən biridir. O vurğulayıb ki, bu tarix xalqımızın yaddaşında silinməz iz qoyub və belə hadisələri unutmamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

Daha sonra İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək həmin dövrdə baş verən hadisələrə daha ətraflı toxunub, 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınlar, yaşayış məntəqələrinin dağıdılması və minlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsi barədə məlumat verib. O bildirib ki, bu hadisələr nəticəsində yüzlərlə kənd yerlə-yeksan edilib, tarixi-mədəni abidələr məhv olunub, dinc əhali ağır itkilərə məruz qalıb.

Kamran Ramazanlı vurğulayıb ki, soyqırımı təkcə fiziki məhvetmə ilə məhdudlaşmayıb, eyni zamanda xalqımızın maddi-mədəni irsinin silinməsinə yönəlmiş məqsədyönlü siyasətin tərkib hissəsi olub. Qeyd olunub ki, xalqımız bu faciəni əsrlər keçsə belə unutmayacaq, tariximizin bu ağrılı səhifəsi daim xatırlanacaq və gələcək nəsillərə çatdırılacaq. O bildirib ki, 1998-ci il martın 26-da Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərman hadisələrə ilk hüquqi-siyasi qiymətin verilməsi baxımından mühüm əhəmiyyət daşıyır və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib rol oynayır.

Sonda tədbir iştirakçıları 31 Mart soyqırımı qurbanlarının xatirəsini bir daha ehtiramla yad ediblər.