AR ETN Coğrafiya İnstitutunun PHŞ-nin sektor müdiri Elnur Səfərov “Yaşıl Dünyanı Yarat! – 2” Hakatonunda mentor, panelist və münsif kimi iştirak edib Apr 28, 2026 | 12:04 / TƏDBİRLƏR

Coğrafiya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektorunun müdiri, IDEA İctimai Birliyinin Elmi tədqiqat şöbəsinin nümayəndəsi, c.ü.f.d. Elnur Səfərov “Yaşıl Dünyanı Yarat! – 2” hakatonunda mentor, panelist və münsif kimi iştirak edib

26–27 aprel 2026‑cı il tarixlərində ASAN xidmət və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Yaşıl Dünyanı Yarat! – 2” ekoloji innovasiya hakatonu keçirilib. Layihənin məqsədi gənclərin ekoloji problemlərin həllinə innovativ və texnoloji yanaşmalarını təşviq etmək, real tətbiq oluna bilən rəqəmsal həllərin hazırlanmasına şərait yaratmaqdır. Hakatonda ümumilikdə 16 komanda (64 iştirakçı) iştirak edib.

Hakatonun ilk günündə iştirakçılar dizayn düşüncə modeli, ideya generasiyası və ekoloji problemlərin texnoloji həlli üzrə təlimlərdə iştirak ediblər. Günün ikinci yarısında komandalar öz layihə konseptlərini formalaşdırmağa başlayıblar.

Elm və Təhsil Nazirliyinin tabeliyində Coğrafiya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektorunun müdiri, IDEA İctimai Birliyinin Elmi tədqiqat şöbəsinin nümayəndəsi, c.ü.f.d. Elnur Səfərov 26 aprel tarixində mentor qismində komandalarla işləyərək onların ekoloji mövzular üzrə yanaşmalarının formalaşdırılmasına, ideyaların elmi əsaslandırılmasına və prototiplərin düzgün istiqamətləndirilməsinə dəstək göstərib.

Hakatonun ikinci günü “Dayanıqlı İnkişaf Məqsədləri və Azərbaycanın Yaşıl Gələcəyi” mövzusunda panel müzakirəsi ilə başlayıb. Paneldə spiker qismində çıxış edən Elnur Səfərov “Xəzər Regionunda Su, Enerji və Ekosistemlərin Davamlılığı” mövzusunda təqdimat edərək regionda ekoloji idarəetmə, su və enerji resurslarının davamlı istifadəsi, ekosistemlərin qorunması və iqlim dəyişmələrinin təsirləri barədə məlumat verib.

Paneldən sonra komandalar hazırladıqları prototipləri münsiflər heyətinə təqdim ediblər. Elnur Səfərov münsiflər heyətinin üzvü kimi layihələri qiymətləndirərək onların innovativlik səviyyəsini, ekoloji problemlərin həllinə real tətbiq potensialını və davamlılıq baxımından təsirini dəyərləndirib.

Tədbirin sonunda ekoloji maarifləndirməyə, gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsinə və mentorluq fəaliyyətinə verdiyi töhfəyə görə Elnur Səfərov “Təşəkkürnamə” ilə təltif olunub.

ASAN xidmət və IDEA İctimai Birliyinin dəstəyi ilə keçirilən hakaton ölkədə ekoloji innovasiya mədəniyyətinin inkişafına, gənclərin yaşıl texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verib.