AR ETN  Coğrafiya İnstitutu PHŞ-də Azərbaycan coğrafiya elminin görkəmli siması Mahmud Xəlilovun 95 illik yubileyi qeyd olundu May 01, 2026 | 12:05 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda görkəmli alim, coğrafiya elmləri doktoru Mahmud Xəlilovun 95 illik yubileyi qeyd olunub.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani Mahmud müəllimin Azərbaycan coğrafiya elminin inkişafındakı müstəsna xidmətlərini vurğulayıb, onun uzunillik elmi fəaliyyəti və yetişdirdiyi kadrların bu gün də ölkənin elmi potensialına töhfə verdiyini qeyd edib.

Yubiley mərasimində “Torpaqların rekultivasiyası” laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev çıxış edərək Mahmud Xəlilovun zəngin elmi irsindən, yüksək insani keyfiyyətlərindən və gənc tədqiqatçılar üçün örnək olan həyat yolundan bəhs edib. O, alimin həm elmi, həm də mənəvi baxımdan böyük məktəb formalaşdırdığını xüsusi vurğulayıb.

Digər çıxış edən alimlər də xatirələrini bölüşərək Mahmud müəllimin dərin biliyə, prinsipial mövqeyə və elmə sonsuz sədaqətə malik bir şəxsiyyət olduğunu bildiriblər.

Daha sonra Mahmud Xəlilov çıxış edərək göstərilən diqqət və ehtirama görə təşkilatçılara və həmkarlarına təşəkkürünü bildirib, elmin inkişafı naminə fəaliyyət göstərən gənclərə uğurlar arzulayıb.

Tədbir çərçivəsində alimin həyat və elmi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərdən ibarət təqdimat nümayiş olunub. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Mahmud Xəlilov 19 aprel 1931-ci ildə Nuxa şəhərində (indiki Şəki) anadan olub. 1954–1958-ci illərdə meşəquruluşu işlərində iştirak edərək geniş təcrübə qazanıb. 1959-cu ildən etibarən müxtəlif elmi müəssisələrdə çalışaraq torpaq eroziyası və meşə ekosistemləri sahəsində mühüm tədqiqatlar aparıb. 1964-cü ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 185-dən çox elmi əsərin müəllifi olan alim, Azərbaycan elminə dəyərli töhfələr verib.Onun tədqiqatları torpaq eroziyası, meşə ekosistemləri və onların qorunması sahəsində mühüm elmi nəticələrlə yadda qalıb. Yubiley tədbiri alimin zəngin və mənalı həyat yoluna, Azərbaycan elminə verdiyi töhfələrə göstərilən yüksək ehtiramın ifadəsi kimi yadda qalıb.