AR ETN Coğrafiya İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib İyn 08, 2026 | 03:06 / TƏDBİRLƏR

“İnsan Hüquqları Günü” ilə əlaqədar olaraq 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda maarifləndirici tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan institutun elmi katibi,c.ü.f.d Səidə Zeynalova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənmiş, bununla da insan hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Bu strateji kurs bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Coğrafiya İnstitutunun doktorantı Ayşən Məmmədova "İnsan Hüquqları: Hər kəs üçün ədalət, bərabərlik və layıqli əmək" mövzusunda məruzə ilə çıxış edib. O, insan hüquqlarının tarixi inkişaf mərhələlərinə toxunaraq, 1215-ci il "Maqna Karta" (Böyük Azadlıqlar Xartiyası), 1948-ci il BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası kimi mühüm hüquqi sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.

Məruzədə ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində 2001-ci ildə Ombudsman təsisatının yaradılması və Prezident İlham Əliyevin Sərəncamı ilə 18 iyunun ölkədə "Milli İnsan Hüquqları Günü" kimi təsis edilməsi mühüm tarixi nailiyyətlər kimi qeyd olunub. A. Məmmədova, həmçinin insan hüquqlarının mülki, siyasi, sosial və iqtisadi aspektlərini strukturlaşdırılmış şəkildə təhlil edərək, bu hüquqların qorunmasında layıqli əmək şəraitinin önəmini vurğulayıb.

Sonda institutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil edilən bu cür maarifləndirici tədbirlərin məqsədi, cəmiyyət üçün əhəmiyyəti və institut əməkdaşlarının hüquqi savadlılığının artırılmasındakı rolu haqqında ətraflı məlumat verib.