AR ETN Coğrafiya İnstitutunda növbəti elmi seminar keçirilib İyn 09, 2026 | 10:06 / ELMİ İCLASLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda növbəti elmi seminar təşkil olunub. Seminar a.e.ü.f.d. Azad Kərimovun sədrliyi ilə keçirilib. Tədbirdə institutun alim və mütəxəssisləri, doktorantlar, dissertantlar və gənc tədqiqatçılar iştirak ediblər.

Seminar çərçivəsində İnstitutun “Torpaqların genezisi və coğrafiyası” laboratoriyasının kiçik elmi işçisi, dissertantı Nuranə Yüzbaşova “Müxtəlif yamaclı dağ boz-qəhvəyi torpaqların diaqnostik göstəricilərinə təsiri” mövzusunda  məruzə ilə çıxış edib.

Məruzəçi tədqiqatın məqsədi, istifadə olunan metodologiya, aparılmış çöl və laboratoriya tədqiqatlarının nəticələri barədə ətraflı məlumat verib. Təqdimatda müxtəlif yamac ekspozisiyalarının və meyillik dərəcələrinin dağ boz-qəhvəyi torpaqların morfoloji, fiziki-kimyəvi və diaqnostik xüsusiyyətlərinə təsiri təhlil olunub. Həmçinin torpaqların münbitlik göstəricilərində müşahidə olunan dəyişikliklər, torpaqəmələgəlmə proseslərinin xüsusiyyətləri və əldə edilmiş nəticələrin elmi-praktik əhəmiyyəti diqqətə çatdırılıb.

Təqdimatdan sonra institutun alimləri tərəfindən mövzu ətrafında geniş müzakirələr aparılıb, doktoranta müxtəlif elmi suallar ünvanlanıb və tədqiqatın daha da təkmilləşdirilməsi istiqamətində dəyərli tövsiyələr verilib.Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.