Son günlər xarici mənbələrə istinadən Azərbaycanda yayın çox isti keçəcəyi ilə bağlı müzakirələr aparılır. Lakin maraq doğuran əsas məqam bu proqnozların hansı elmi əsaslara söykənməsidir. Azərbaycan əsasən subtropik iqlim qurşağında yerləşdiyindən yay aylarında tropik hava kütlələri üstünlük təşkil edir. Bu isə yüksək hava temperaturunu şərtləndirən əsas amillərdən biridir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev məlumat verib. Həsən Nəbiyev qeyd edib ki, ölkə ərazisinin təxminən 50 faizi isti və quru iqlimə malikdir. Azərbaycanda ən yüksək temperatur Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində qeydə alınıb və bu göstərici 46 dərəcə təşkil edir.
“Culfada 44 dərəcədən yuxarı temperaturun müşahidə olunma ehtimalı 5 faizdir. Bu isə o deməkdir ki, belə temperatur göstəricisi orta hesabla hər 20 ildən bir qeydə alınır. Bu səviyyədə yüksək temperaturlar Ordubad, Abşeron və Kür-Araz ovalığında da müşahidə edilir. Culfada hər il 38-39 dərəcə temperaturun qeydə alınma ehtimalı isə 95 faizdir”, – deyə alim bildirib.
Həsən Nəbiyevin sözlərinə görə, bu göstəricilər yay aylarında yüksək temperaturun müşahidə edilməsinin ölkə əhalisi üçün qeyri-adi hal olmadığını göstərir.
“Biz əvvəllər qeyd etmişik ki, Günəş fəallığının artması, xüsusilə 2019–2030-cu illəri əhatə edən XXV 11 illik Günəş sikli çərçivəsində, dünyanın digər bölgələrində olduğu kimi Azərbaycanda da yayın daha isti keçməsinə və temperaturun yüksəlməsinə səbəb ola bilər”, – deyə alim vurğulayıb.
H.Nəbiyev qeyd edib ki, Azərbaycanda ən yüksək temperatur göstəriciləri əsasən iyul və avqust aylarında müşahidə olunur. Buna görə də yay mövsümündə isti hava şəraitinin qeydə alınması ölkənin iqlim xüsusiyyətlərinə uyğun təbii proses hesab edilir.