Coğrafiya İnstitutunda çöl tədqiqatları davam etdirilir İyn 18, 2026 | 04:06 / MÜHÜM HADİSƏLƏR

AR ETN Coğrafiya İnstitutunun “Geoməkan analitikası və kartoqrafiya” laboratoriyasının 2026-cı il üzrə əsas elmi-tədqiqat işi çərçivəsində Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə elektron tematik xəritələrin hazırlanması məqsədilə laboratoriyanın əməkdaşları N.Cəfərova, E.Soltanov, S.Tağıyeva və M.Hüseynova 1–5 iyun tarixlərində Gəncə şəhəri və Daşkəsən rayonunda çöl tədqiqatları aparmışlar.

Ezamiyyətin əsas məqsədi əvvəlcədən hazırlanmış elektron xəritələrin, geoməkan məlumat bazalarının və rəqəmsal relyef modeli əsasında əldə edilmiş nəticələrin faktiki çöl şəraiti ilə müqayisə olunması, xəritələrdə qeydə alınmış obyektlərin koordinatlarının, yerləşmə xüsusiyyətlərinin və mövcud vəziyyətinin dəqiqləşdirilməsi olmuşdur.

Gəncə şəhəri üzrə obyekt və infrastrukturun məkan üzrə cəmlənmə xüsusiyyətlərini əks etdirən xəritə əsasında müəyyən edilmiş “qaynar nöqtələr” yerində müşahidə edilmişdir. Tədqiqat zamanı şəhərin ayrı-ayrı hissələrində nəqliyyat, ticarət, xidmət, sosial və inzibati obyektlərin yüksək sıxlıqla cəmləndiyi ərazilər yoxlanılmışdır. Aparılmış yoxlamalar nəticəsində obyekt və infrastrukturun cəmlənmə xəritəsində müəyyən edilən qaynar nöqtələrin böyük hissəsinin faktiki vəziyyətlə uyğun gəldiyi müəyyən olunmuşdur. Bununla yanaşı, şəhərin yeni inkişaf edən yaşayış və xidmət sahələrində əlavə cəmlənmə zonalarının formalaşdığı müşahidə edilmişdir. Bu məlumatlar yekun elektron xəritənin aktuallığının və məkan dəqiqliyinin artırılması üçün istifadə edilmişdir.

Daşkəsən rayonunda aparılmış çöl tədqiqatları zamanı dağ-mədən sahələrinin yerləşməsi, fəaliyyət miqyası və infrastrukturla əlaqəsi araşdırılmışdır. Mədənlərə xidmət edən yol, enerji, su və istehsal infrastrukturu qiymətləndirilmiş, dağ-mədən fəaliyyətinin landşafta təsiri müşahidə edilmişdir.Açıq hasilat nəticəsində relyefin dəyişməsi, karxana və süxur tullantısı sahələrinin yaranması, torpaq-bitki örtüyünün pozulması və eroziya proseslərinin güclənməsi qeydə alınmışdır. Peyk təsvirləri və çöl məlumatları əsasında mədən sahələrinin genişlənməsi, sərhədləri və təsir zonaları dəqiqləşdirilmişdir. DEM modeli üzrə yüksəklik, yamac, su axın istiqamətləri, axın yığılması və Topoqrafik Nəmlik İndeksi təhlil edilmiş, karxanaların və yolların təbii drenaj sisteminə təsiri müəyyən olunmuşdur. Toplanmış məlumatlar elektron xəritələrin və geoməkan məlumat bazasının yenilənməsində istifadə ediləcəkdir. Bununla yanaşı, sənaye və dağ-mədən məhsullarının daşınmasına xidmət edən mövcud nəqliyyat infrastrukturu araşdırılmış, avtomobil və dəmir yolu şəbəkəsinin istehsal sahələri ilə əlaqəsi qiymətləndirilmişdir. Məhsulların daşınmasının səmərəliliyinin artırılması məqsədilə perspektiv nəqliyyat marşrutlarının müəyyənləşdirilməsi, yeni yolların salınması və yükdaşıma imkanlarını genişləndirəcək yeni stansiyanın yaradılması üçün məkan təhlili aparılmışdır. Təklif olunan yol və stansiya istiqamətlərinin gələcəkdə elektron tematik xəritələrdə əks etdirilməsi nəzərdə tutulur.