15 aprel-15 iyul 2026-cı il tarixlərində Almaniya Federativ Respublikasının Yustus Libix Universitetinə ezam olunan Coğrafiya İnstitutu PHŞ-nin “Əhali coğrafiyası” laboratoriyasının əməkdaşı c.ü.f.d. Bəyimxanım Huseynova 3 aylıq ezamiyyətini tamamlamışdır. DAAD-ın (Alman Akademik Mübadilə Proqramı) “East-West Dialogue 2026” (Şərq-Qərb Dialoqu 2026) proqramının “Securing sustainable Geopark Development and Academic Exchange in Caucasus” (Qafqazda davamlı geopark inkişafının təmin edilməsi və akademik mübadilə) layihəsi çərçivəsində elmi-tədqiqat mübadilə proqramı məqsədilə adı qeyd olunan universitetə ezam olunan Bəyimxanım Hüseynova Professor Andreas Dittmanın rəhbərliyi altında bir çox elmi seminarlar, görüşlər, müzakirələrdə, eyni zamanda dünyanın nüfuzlu universitetlərindən olan Bonn Universitetində regional əməkdaşılıq konfranslarında iştirak etmişdir. Ezamiyyət müddətində Azərbaycan və Almaniya arasında elmi-tədqiqat əməkdaşlıqlarının gücləndirilməsi, tələbə mübadiləsi və ekskursiyaların təşkili məqsədilə mövcud layihələrin işlənməsi, gələcək layihlər üçün perspektivlər və imkanlar müzakirə olunmuş, yeni layihələrin hazırlanması məqsədilə ilkin danışıqlar aparmışdır.
Gənc alim ezamiyyətin son ayında isə əsas məqsədi Azərbaycanda iqlim dəyişikliyi, turizm və əhali məskunlaşmasının tədqiqinə həsr olunan və tərəfdaşları Coğrafiya İnstitutu PHŞ, Yustus Libix Universiteti və Bakı Dövlət Universiteti olan layihənin uğurlu davam etdirilməsi istiqamətində görüşlərdə iştirak etmiş, mövcud problemlərin araşdırılması və həlli istiqamətində tədbirlər planının ikinci hissəsinin hazırlanması məqsədilə tədqiqatlarını davam etdirmişdir. Eyni zamanda, adı qeyd olunan layihə əsasında 09-13 iyul 2026-cı il tarixlərində təşkil olunan “Fieldwork Data Synthesis and Analysis” (Sahə tədqiqatları məlumatlarının sintezi və analizi) adlı beynəlxalq seminarda “İqlim və inkişafın kəsişməsində: Azərbaycanın şimal-qərb rayonlarında turizmin və məskunlaşmanın transformasiyası (sahə tədqiqatlarına əsaslanan araşdırma)” mövzusunda çıxış etmişdir. Bəyimxanım Hüseynovanın Almaniyada üç aylıq elmi ezamiyyətini uğurla tamamlamışdır.