09 sentyabr tarixində AR Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclas institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmraninin sədrliyi ilə baş tutub.
İclasda Elmi Şuranın gündəliyində yer alan məsələlər müzakirə olunub və gündəlik üzrə Şura üzvlərinə ətraflı məlumat verilib.
Müzakirə olunan əsas məsələlərdən biri institutda əmək intizamı və davamiyyət vəziyyəti olub. Zaur İmrani əməkdaşların iş vaxtına riayət etməsinin vacibliyini vurğulayıb və tələblərə əməl edilmədiyi halda töhmət tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.
Bununla yanaşı, “Geomorfologiya və paleocoğrafiya” laboratoriyasına rəhbərin təyin edilməsi məsələsinə baxılıb və həmin laboratoriyanın aparıcı elmi işçisi, c.ü.f.d. Rəşid Fətəliyevin laboratoriya rəhbəri vəzifəsinə 3 ay müddətinə təyin edilməsi qəbul edilib.
İclasda, həmçinin Torpaqların münbitliyi laboratoriyası, Torpaqların rekultivasiyası laboratoriyası və Coğrafi ekologiya laboratoriyası tərəfindən aparılan çöl tədqiqat işləri ilə bağlı hesabatlar dinlənilib.
Laboratoriya rəhbərləri həyata keçirilən elmi-tədqiqat işləri, əldə olunan ilkin nəticələr və gələcək fəaliyyət istiqamətləri barədə məlumat veriblər.
Elmi Şura üzvləri təqdim olunan hesabatları müzakirə edərək çöl tədqiqatlarının elmi əhəmiyyətini vurğulayıb, aparılan araşdırmaların gələcək elmi tədqiqatlar və praktiki tətbiq baxımından əhəmiyyətini qeyd ediblər.
İclas gündəlikdə duran digər məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi ilə başa çatıb.